• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1385
— 24.08.2020 20:02

Gəncə sakinləri "Qan ver, yaşat" şüarı ilə aksiyaya qoşulublar

KepezTV Player

"Qan ver, yaşat". Gəncə sakinləri Məhərrəm ayında məhz bu şüarla qanvermə aksiyasına qoşulublar. Mərkəzi Qan Bankının Gəncə bölməsində bu gündən başlayaraq təşkil olunan aksiyada donorlar fəallıq göstərirlər.

Avqustun 21-dən başlayan Məhərrəmlik matəm ayı olduğundan hər il insanlar bu ayı kütləvi tədbirlərlə, təziyə mərasimləri ilə qeyd edirlər. Bu il isə koronavirus pandemiyası ilə əlaqədar olaraq müsalman ölkələrində, eləcə də Azərbaycanda məscid və ziyarətgahlarda kütləvi tədbirlərin keçirilməsi dayandırılıb. Məqsəd isə insanların sağlamlığının qorunmasıdır. Çünki kütləvi şəkildə toplaşmaq virusun yayılmasının başlıca səbəblərindən biridir.

Əlisəftər Səfərəliyev - "Şah Abbas Cümə Məscidi" dini icmasının sədri: Dindarlardan, Gəncə əhalisindən xahiş olunur ki, hər kim bir başqasına xeyirxahlıq etmək istəyirsə, bir xəstəni sağaltmaq istiyirsə qan vermə mərasimində iştirak etsin. İmam Hüseyn Əleysalamın son məsləhətlərindən biri də bu idi ki, bir yazığa, imkansıza, kimsəsizə kömək etsəniz elə bilin mənə yaxşlıq etmisiniz. Bu mərasimə öz töhfəmizi qatmağın bir üsülü olaraq qan vermə mərasimində iştirak edək ki, xalqımız bundan bəhrələnsin.

Artıq hər bir kəs könüllü şəkildə Mərkəzi Qan Bankının Gəncə Bölməsində təşkil olunan bu xeyirxah aksiyaya qoşula bilər. Qan verməyə gələnlər əvvəlcə həkim müayinəsindən keçirlər. Sağlamlığı imkan verən şəxslərdən qan götürülür. Aksiyanın ilk günündə donorların fəallığı müşahidə edilib.

Müşfiq Məmmədov - donor: Könüllü olaraq bu qan vermə aksiyasında iştirak edirəm. Düşünürəm ki, bu qana ehtiyacı olanlar üçün böyük dəstək oluruq və Allah qarşısında da böyük savab qazanırıq. Başqa vətəndaşlara da müraciət edirəm ki, belə bir aksiyalarda iştirak etsinlər. Qana ehtiyacı olanlara yardımçı olaq.))

Fuad Cəlilov - donor: Gəncə camaatı bu işdə fəaldı. Biz tövsiyyə edirik ki, digər Gəncə sakinləri də bu işdə aktiv olsunlar. Burda hər şey gigiyenikdi, hər şey şəffafdı. Sizi bu aksiyaya qoşulmağa dəvət edirik.

Röyal Əliyev - donor: Gəldik qan verdik. Həqiqətən də qana ehtiyacı olan insanlar, xəstələr çoxdu. Bütün Gəncə sakinlərinə müraciət edərdik ki, Allah xatirinə o xəstələr qan versinlər.

Aksiya avqustun 30-u - Aşura gününə kimi Mərkəzi Qan Bankının Gəncə Bölməsində səhər saat 9-dan 5-ə kimi davam edəcək. Bunun üçün mərkəzin 6 həkim birqadası ayrılıb.

Tahirə Məmmədova - Mərkəzi Qan Bankının Gəncə Bölməsinin müdiri: Talasemiyyalı, hemofilyalı, cərrahi, onkoloji xəstələrimiz var. Bu xəstlərin qana çox böyük ehtiyacı var. Əhalidən xahiş edirəm ki, bu aksiyada mütəşəkkilik təşkil etsinlər. Gəlsinlər qan vermə aksiyasında iştirak etsinlər. Xahiş edirəm ki, gləndə hər kəs maskadan istifadə etsinlər. Ünvanımız keçmiş Çexov, indiki Sabir Hacıyev küçəsi nömrə 2-dir.

Mərkəzi Qan Bankının Gəncə Bölməsi qərb regionunda ehtiyacı olanları qanla təchiz edir. Bu bölgədə aktiv talassemiya xəstələrinin sayı 74, hemofiliyalı xəstələrin sayı isə 67 nəfərdir.

Elnur Vahidoğlu