• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1196
— 20.08.2020 20:30

Kürdəmirdəki həbslərlə bağlı təfərrüatlar

KepezTV Player

Prezident İlham Əliyev Ceyhun Cəfərovun Kürdəmir Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb. Baş Prokurorluq isə İcra Hakimiyyətində keçirilən əməliyyatla bağlı təfərrüatları açıqlayıb.

Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən Kürdəmir Rayon İcra Hakimiyyətində baş vermiş qanun pozuntularına dair aparılan araşdırma nəticəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb. İstintaqla müəyyən edilib ki, Kürdəmir rayon İcra Hakimiyyətinin başçısı Ceyhun Cəfərovun birinci müavini Tacəddin Novruzov, İcra hakimiyyəti başçısı Aparatının Ərazi idarəetmə və yerli özünü idarəetmə orqanları ilə iş şöbəsinin müdiri Natiq Kərimov və icra hakimiyyətinin digər vəzifəli şəxsləri ilə qabaqcadan əlbir olaraq onlar vasitəsilə rayon ərazisində fəaliyyət göstərən səhiyyə, təhsil  və digər dövlət müəssisələrindən, habelə bir sıra özəl müəssisələrdən müxtəlif məbləğdə pul vəsaitləri alıb, eləcə də, dövlətin mənafeyinə ağır nəticələrə səbəb olan mühüm zərər vuran digər qanunsuz hərəkətlər edib. Həmin şəxslər birbaşa və icra hakimiyyətinin digər vəzifəli şəxsləri vasitəsilə ayrı-ayrı vaxtlarda rayon ərazisində fəaliyyət göstərən səhiyyə müəssisələrindən ümumilikdə 137 min manat, Kommunal Müəssisələr Kombinatından 58 min manat, təhsil müəssisələrindən 120 min manat, “Azbiyan” Məhdud Məsuliyyətli Cəmiyyətindən 71 min manat məbləğində vəsaiti rüşvət qismində alıblar.

Bunlara əsasən,Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları  tərəfindən Kürdəmir Rayon İcra Hakimiyyətinin İnzibati binasında, habelə rayonun Suvarma sistemləri və Yaşıllaşdırma idarələrində, Kommunal Müəssisələri Kombinatında və Kürdəmir şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyində əməliyyat-istintaq tədbirləri keçirilib. Ceyhun Cəfərov, Tacəddin Novruzov və Natiq Kərimov Cinayət Məcəlləsinin vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda, rüşvət alma qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə, rüşvət alma təkrar törədildikdə və rüşvət alma külli miqdarda törədildikdə maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barələrində Binəqədi rayon məhkəməsinin müvafiq qərarları ilə həbs qətimkan tədbiri seçilib.

Hazırda Kürdəmir rayon icra hakimiyyətinin tabeliyindəki qurumlarda və rayon ərazisində fəaliyyət göstərən digər qurumların fəaliyyətində yol verilmiş qanun pozuntularının araşdırılması istiqamətində istintaq-əməliyyat tədbirləri davam etdirilir.