• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 855
— 13.08.2020 20:48

Kartof bol, qiymət ucuz

KepezTV Player

Tovuzda kənd təsərrüfatının əsas qollarından olan kartofun yığımı gedir. Bu il daha çox sahədə əkilən məhsul boldur, qiyməti də sərfəlidir.

Tovuzda kartofçuluq kənd təsərrüfatı sahəsində taxıldan sonra ikinci sırada durur. Fermerlərin bu sahəyə maraq göstərməsi həm tələbin çox olması, həm də satış bazarının mövcudluğudur.

Rayonda bu il üçün 100 hektar daha çox - 6750 hektar sahədə kartof əkilib. Məhsul yığımı 3 həftəyə yaxındır davam edir. Fermerlər məhsuldarlıqdan razıdırlar.

Əbülfət Qasımov fermer:Bu sahədə məhsuldarlıq çox güclüdür. Keçən il 50-55 ton məhsul götürmüşdük. Bu il hektara 60-70 ton məhsul götürürük. Zəhmətimiz yerdə qalmır. Keçən ilə baxanda bu il çox güclü məhsul götürürük.

Məhsulun satışında da heç bir çətinlik yoxdur. Sahələrdə kisələrə doldurulan kartof yerindəcə maşınlara yüklənərək böyük şəhərlərdəki bazarlara göndərilir. Məhsuldarlıq kimi qiymət də təsərrüfat sahiblərinin ürəyincədir.

Əbülfət Qasımov fermer:Satış bazarı da hazırda görürsüz yığılan məhsul yerdə qalmır. Gəncə və Bakıya satışa yollayırıq. Heç bir çətinliyimiz də yoxdur. Gələcəkdə də daha çox kartof əkəcəyik. Qiymət 50 qəpikdir. Bu da bizi qane edir. Bununla biz işçilərimizi dolandırırıq.

Məhsul bolluğu yalnız fermerlər deyil, alıcıların da ürəyincədir. Çünki çox məhsul ucuz qiymət deməkdir.

Aqil Qaracayev alıcı:Neçə ildir biz bu sahədən kartof daşıyırıq. Məhsul yaxşıdır. Bizi qane edir. Yaxşı qiymətə də alırıq.

Kartof yığımı sahədə çalışanların həyat şəraitinə də təsir edib. Qonşu rayonlardan gəlib günəmuzd işləyənlər də var.

Nurlana Cəlilova işçi:Biz 25 nəfər işçi Ağstafa rayonundan gəlib, burada çalışırıq. Ən azından 25-30 işçi ailəsi üçün çörək pulu qazanır. Nəinki fəhlə, traktorçular, bizimlə bərabər bu sahədə bir çox işçi də çörək pulu qazanırlar. Bu il də məhsuldarlıq çox yaxşı və ürəkaçandır.

Tovuzda kartof yığımı avqustun sonunadək davam edəcək.