Sərt rejim tətbiq olunan 13 şəhər və rayonda artıq dünəndən etibarən bəzi karantin qaydaları yumşaldılıb. Çoxları bu qərardan sonra yoluxma sayında yenidən artım olacağından narahat idi. Çünki belə düşünülürdü ki, yumşalmadan sonra insanlar qaydalara biganə yanaşıb tələblərə əməl etməyəcəklər. Kəpəz televiziyasının əməkdaşları I klasterə daxil olan Gəncədə müşahidə aparıblar. Kadrlardan da göründüyü kimi, şəhər sakinlərinin mütləq əksəriyyəti karantin rejiminin tələblərinə ciddi əməl edir. İctimai nəqliyyatda müşahidə olunan vəziyyət də ürəkaçandır. Nəqliyyat vasitələrinin çoxunda şəffaf arakəsmələr mövcuddur. Məsuliyyətsiz sərnişinlərə rast gəlinsə də, böyük əksəriyyət avtobuslara tibbi maska ilə daxil olur. Burada polis nəzarəti və sürücülərin tələbi ilə yanaşı, vətəndaş məsuliyyəti də mühüm rol oynayır. Artıq hər birimiz aydın şəkildə başa düşürük ki, bu bəladan yalnız və yalnız qaydalara riayət etməklə - tibbi maskadan istifadə, məsafə gözləmə və sanitar qaydalara əməl etməklə xilas ola bilərik.
- Baxış: 206