• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1530
— 08.08.2020 12:23

"Yoluxmaların artması mümkündür"

KepezTV Player

“Yumşalmalara getdikcə yoluxmaların artması mümkündür, böyük ehtimal ki, bu, baş verəcək”. Bu xəbərdarlığı Prezidentin İqtisadi məsələlər üzrə köməkçisi Şahmar Mövsümov Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində edib. Vurğulayıb ki, əsas məqsəd yoluxmanın sürətinin azaldılmasıdır. Bunun üçün 3 əsas istiqamət var. Birincisi karantin rejiminin tələblərinə riayət etmək, ikincisi qaydalara nəzarətin həyata keçirilməsi, üçüncü istiqamət isə yoluxanların tez aşkar olunmasıdır. Şahmar Mövsümov qaydaları yenidən sərtləşdirmənin mümkünlüyü barədə də danışıb.

Toyların bərpasından danışan Şahmar Mövsümov qeyd edib ki, hazırki epidemioloji vəziyyət buna imkan vermir. Hökumət sahibkara yardım edir ki, o işçilərini azad etməsin, onların əməkhaqqını ödəsin. Hansısa şadlıq sarayında və ya müəssisədə işçilər əməkhaqqı almırsa, deməli onlar heç bir zaman rəsmi şəkildə işə götürülməyiblər. Sərhədlərin açılmasına gəlincə isə, Mövsümov deyib ki, son zamanlar vətəndaşlar Antalya, Bodrum və sair istiqamətlərə istirahətə getmək istəyirlər: "Amma burada ciddi bir arqument var ki, biz öz rayonlarımıza gediş-gəlişi açmırıqsa, niyə görə digər ölkələrə bunu etməliyik. Ona görə də nə zaman rayonlara gediş-gəliş mümkün olacaq, digər istiqamətlərə də uçuşlar bərpa ediləcək". **İqtisadiyyat nazirinin müavini Rövşən Nəcəf isə vurğulayıb ki, hökumət biznes faliyyətinin canlandırılması istiqamətində müvafiq tədbirlər görür. Müəyyən yumşaldılmalar olub və digər sahələr üzrə də müzakirə aparılır. Nazir müavini qeyd edib ki, pandemiya bitməyib, biznes nümayəndələri yeni tələblərə uyğunlaşmalıdır. Yumşalmalara getdikcə mütləq karantin qaydalarına əməl olunmalıdır. Qaydalara tez bir zamanda uyğunlaşanlar daha tez inkişaf edəcəklər. Rövşən Nəcəf cərimələrin sərtləşdirilməsi və digər cəza formaları ilə bağlı müzakirələr getdiyini də açıqlayıb.