Əkin sahələrində ziyanvericilərə qarşı artıq çox xərc tələb edən kimyəvi mübarizə üsullarını əvəzləyən yeni metodlar yaradılır. Bitkilərin mühafizə olunmasında son vaxtlar bioloji mübarizə vasitələrinə üstünlük verilir. Bitki Mühafizə və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutunun alimləri Goranboyda da bu istiqatmətdə sınaq keçirirlər.
Rayonda kənd təsərrüfatının əsas sahələrindən olan pambıqçılıqda məhsuldarlığa ən çox zərər vuran sovkaya qarşı mübarizə çərçivəsində yeni üsul test edilir. Laboratoriya şəraitində çoxaldılan habrobrakon adlı həşərat sahələrə buraxılıb. Bu canlı pambıq sovkasının təbii düşməni hesab edilir və zərərvericinin yumurtası ilə qidalanır.
Elçin Xəlilov - Bitki-Mühafizə ETİ-nin direktoru: Hazırlanmış, artırılıb-çoxaldılmış brakon tüfeylisi pambıq sovkasına qarşı tətbiqi məqsədəuyğun hesab olunmuşdur. Bu çox böyük səmərəliliyə malik olan entomofaqdır. Bu entomofaqın tətbiq olunması üçün o qədər də iqtisadi məsrəf lazım gəlmir.
Bu metod Goranboyda ilk dəfə tətbiq edilir. Bu yol kimyəvi mübarizə ilə müqayisədə sadə və uzunömürlülüyü ilə seçilir.
Ziyad Əhmədov - Goranboy DAİM-in direktoru: Təxminən 3700 hektara yaxın ərazidə pambıq sovkasına qarşı mübarizə aparılmışdır. Bununla bərabər kimyəvi mübarizədə çətinliklər yarandığına görə pambıq sovkası zərərvericisinə qarşı habrobrakon adlı tüfeyli həşəratların çoxaldığı sahələrə yayılmasına üstünlük verilmişdir. Gələcəkdə bunun daha yüksək səmərəsini gördükdən sonra bütün fermerlərin əkin sahələrinə tətbiqini nəzərdə tutmuşuq.
Habrobrakon həşəratı sahələrə buraxılmazdan öncə bir sıra məqamlara diqqət yetirilir. Pambıq sovkasının 100 bitkidə sayı müəyyənləşdirilir. 5 tırtıla bir habrobrakon tüfeylisi düşür.
Kazım Hüseynov - Bitki-Mühafizə ETİ-nin əməkdaşı: Brakon tüfeylisini pambıq sovkasına qarşı tətbiq edərkən dişi və mayalanmış fərdlər pambıq sovkasının tırtıllarının 3-6-cı buğumlarına yumurtalarını qoyur və bir pambıq sovkasının tırtılından 18-20 ədəd habrobrakon tüfeylisi formalaşır. Habrobrakon tüfeylisi üçün ekoloji şəraitin əlverişli olduğu illərdə həşərat 35-38 faizə qədər pambıq sovkasının orta və iri tırtıllarını sirayətləndirir.
Tətbiq edilən bioloji mübarizə üsulu məhsuldalığa birbaşa təsir edir. Bu da fermerləri razı salmaya bilməz.
Elşən Novruzov - fermer: Pambıq sahələrində yüksək məhsuldarlığın əldə olunması üçün ziyanvericilərə qarşı mübarizə aparmaq şərtdir. Buna görə də indiyə qədər biz kimyəvi preparatlardan istifadə edirdik. Bu gün bitki mühafizə və texniki bitkilər elmi-təhqiqat institutunun rəhbərliyi bizim sahələrdə oldular və kimyəvi mübarizə yerinə bioloji mübarizəyə üstünlük verdilər. Çox təşəkkür edirəm, razıyam. Digər pambıq əkənlər arasında da təbliğat olacaq ki, ziyanvericilərə qarşı kimyəvi mübarizə aparmaqdansa, bioloji mübarizə aparmaq daha effektlidir.
Habrobrakon həşəratı təkcə pambıq sovkasına qarşı tətbiq edilmir. Eyni zamanda tərəvəzçilik və meyvəçilikdə də mübarizə metodu kimi istifadə olunur.
- Baxış: 6425