• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 745
— 22.07.2020 19:05

15 kiloqrama yaxın narkotik satışının qarşısı alındı

KepezTV Player

Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən narkotik vasitə və psixotrop maddələrin satışı ilə məşğul olan şəxslərə qarşı silsilə əməliyyat tədbirləri həyata keçirilib.

Baş İdarə əməkdaşlarının daxil olan əməliyyat məlumatı əsasında keçirdikləri tədbir zamanı narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Səbail rayon sakini Ruslan Axundov saxlanılıb. Şəxsi axtarış aparılan zamanı onun üzərindən 4 qram, yaşadığı evdən isə 7 kiloqram 60 qram heroin və 3 kiloqram 260 qram metamfetamin aşkar olunaraq götürülüb. Nərimanov rayonu ərazisində saxlanılan paytaxt sakini Emil Cəlilovun üzərindən isə 5 qramdan artıq psixotrop maddə metamfetamin, idarə etdiyi avtomobildən isə 584 qram heroin, 23 qram tiryək, 147 qram metamfetamin və 1 ədəd elektron tərəzi aşkar olunub. Onun yaşadığı evdən əlavə 665 qram heroin və 288 qram metamfetamin aşkarlanıb. O, ifadəsində narkotik vasitələri satmaq niyyəti ilə tanışı Toğrul Talışlıdan aldığını bildirib. Baş İdarə əməkdaşları tərəfindən həmin şəxs də tutulub. Onun idarə etdiyi avtomobilə baxış zamanı 3 qram metamfetamin və 7 qram marixuana aşkar olunub. Paytaxtın Nəsimi rayonunda keçirilən daha bir əməliyyat zamanı Cəbrayıl rayon sakini Atakişi Məmmədov saxlanılıb. Onun üzərindən 5 qrama yaxın heroin, yaşadığı evdən isə əlavə 1 kiloqram 88 qram heroin, 395 qram qurudulmuş marixuana, 269 qram metamfetamin və 1 ədəd elektron tərəzi aşkar edilib.

Saxlanılan daha bir paytaxt sakini Murad Axundovdan da 4 qram heroin, idarə etdiyi avtomobildən 1 kiloqram 20 qram heroin və 140 qramdan artıq metamfetamin aşkar olunaraq götürülüb. Son əməliyyatlar nəticəsində 15 kiloqrama yaxın narkotik vasitə və psixotrop maddə qanunsuz dövriyyədən çıxarılıb. Araşdırma zamanı müəyyən olunub ki, saxlanılan şəxslərin hər biri hələlik adı istintaqa məlum olmayan müxtəlif İran vətəndaşlarının tapşırığı ilə qanunsuz yollarla Azərbaycan ərazisinə keçirilən külli miqdarda narkotik vasitə və psixotrop maddəni Bakıda müəyyən adamlara satmalı və pulun bir hissəsini geri göndərməli imişlər. Faktlarla bağlı cinayət işi başlanılıb, zəruri istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir.