Koronovirus pandemiyası ilə əlaqədər olaraq isti yay günlərində əksər istirahət zonalarında sərtləşdirilmiş karantin rejimi tətbiq olunur. Ancaq bəzi dağ rayonları narıncı zonaya daxil edilməyindən vətəndaşlar müxtəlif yollarla bu bölgələrə üz tuturlar. Son günlər Gədəbəyə gələn yerli turistlərində sayı da artıb. Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən reyd zamanı Bakı şəhərindən, eləcə də sərtləşdirilmiş karantin rejimi elan olunan digər rayonlardan qeyri-qanuni yollarla istirahətə gələn xeyli sayda şəxslər aşkarlanıb.
Vətəndaşlar məsuliyyətdən yaxa qurtarmaq üçün uzun müddət burada yaşadıqlarını bildirsələr də, texniki vasitələrin köməkliyi ilə onlara məxsus avtomobillərin rayon ərazisinə giriş-çıxış vaxtı müəyyən edilib və onların sərtləşdirilmiş karantin günlərində gəldikləri məlum olub.
Bəzilərinin isə çalışdıqları dövlət idarələri və müəssisələri tərəfindən verilən xüsusi icazələrdən sui-istifadə edərək ailəsi ilə birlikdə istirahət məqsədilə rayona gəldiyi aşkarlanıb. Həmin şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib olunub və cərimələniblər.
Bundan başqa polis əməkdaşları bəzi iaşə obyektlərinin karantin rejiminin tələblərini açıq-aşkar pozduqlarını, müştərilər arasında sosial məsafənin gözlənilmədiyini və həmçinin xidmət personallarının əksəriyyətinin tibbi maska və əlcəkdən istifadə etmədiyini də müəyyən ediblər ki, həmin şəxslər barəsində də qanunamüvafiq təbbir görülüb.
Natiq Hüseyn
- Baxış: 1647