Yayın ən çox sevilən və sərinləşdirici meyvəsi olan qarpız. Qərb regionunda daha əlçatan məkan olan Samuxda artıq bu bostan məhsulunun yığımına başlanılıb. Məhsuldarlıq yaxşı olsa da, fermerləri narahat edən məsələlər də var.
Qarpız əsasən Samuxun Kürqırağı ərazilərində əkilir. Bununla belə kiçik təsərrüfatlarda da bu bostan bitkisi becərilir ki, bu sırada Çobanabdallı kəndi də var. Sözügedən kənddə Rüstəm Əliyev təsərrüfatında bu il 5 hektardan çox ərazidə qarpız əkib. Gənc fermer cari il məhsuldarlığın hər hektara görə 20-25 ton olduğunu desə də, qarpızın satış qiymətinin aşağı olması onu qane etmir.
Rüstəm Əliyev fermer: Becərmişik, məhsullarımızı yetişdirmişik. Ancaq koronavirusa görə həm əhalinin işləməməyi problem yaradır, həm də ki biz məhsulumuzu bazarda istədiyimiz qiymətə sata bilmirik. Çəkdiyimiz əziyyətlə, sahəyə xərclənən pulla hesablayırsan ki, qiymət uyğun gəlmir. İndi bazarda məhsulu aparıb kiloqramnı 19-20 qəpiyə satırıq. Halbuki keçən il 25-30 qəpik arası satmışıq, yaxşı da qazanc əldə eləmişik. Amma bu il qiymət bizi qane etmir.
Samuxda yetişdirilən qarpızın keyfiyyətinə təsir edən bir sıra amillər var. Torpaq, sukənarı ərazi və günəşli günlərin çox olması. Bu baxımdan tələbatın çox olması cari il rayonda bu sahəyə marağı artırıb və qarpız əkinlən ərazilər 113 hektar genişləndirilib.
Kamal Hacıyev Samux DAİM-in bitkiçilik sektorunun müdiri: Bu il keçən ilə nisbətən maraq artmışdır. Keçən qarpız 195 hektar sahədə əkilmişdi. Ancaq bu il 308 hektarda becərilib. Samuxun havası, suyu və torpağı qarpızın dadını digər bölgələrindəkindən fərqləndirən cəhətlərdəndir.
Samuxda qarpız yığımı avqustun sonunadək davam edəcək.
- Baxış: 2889