• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1729
— 13.07.2020 19:46

Hərbçilərimizin qanı yerdə qalmayıb

KepezTV Player

Ermənistanın növbəti təxribatının qarşısı qətiyyətlə alınıb, adekvat cavab verilib, hərbçilərimizin qisası alınıb. Ermənistan tərəfinin bütün cəhdləri iflasa uğradı, Azərbaycan öz dövlət sərhədini qorudu və Ermənistan əsgərləri bir santimetr belə Azərbaycan torpağına keçə bilməmişlər. Bunu Təhlükəsizlik Şurasının iclasında prezident İlham Əliyev deyib. Bütün məsuliyyəti Ermənistanın hərbi-siyasi rəhbərliyinin daşıdığını deyən dövlət başçısı Azərbaycanın heç vaxt işğal edilən torpaqlarının bu vəziyyətdə qalması ilə barışmayacağını və öz ərazi bütövlüyünü bərpa etmək üçün əlindən gələni edəcəyini vurğulayıb.

Düşmənə adekvat cavab verilib və veriləcək

İlham Əliyev Azərbaycan Respublikasının Prezidenti: Dünən günorta saatlarında Ermənistan Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində növbəti hərbi təxribat törədib. Birinci dəfə deyil ki, dövlət sərhədində Ermənistan tərəfindən hərbi təxribatlar törədilir. Son bir neçə ay ərzində bu hərbi təxribatlar nəticəsində bizim hərbçilərimiz, eyni zamanda, mülki şəxslər həlak olmuşdur. Dünən günorta saatlarında onların növbəti təxribatı nəticəsində bir neçə hərbçimiz həlak olmuşdur. Qəflətən bizim hərbi postumuza artilleriya atəşi açılıb və bu çirkin əməl nəticəsində hərbçilərimiz həlak olub və yaralanıb. Allah şəhidlərimizə rəhmət etsin, yaralı hərbçilərimizə Allahdan şəfa diləyirəm.

Ali baş komandan sərhəddə vəziyyətin gərgin olaraq qaldığını, Ermənistan rəhbərliyinin ikiüzlü və riyakar fəaliyyəti nəticəsində belə hadisələrin baş verdiyini deyib. Çirkin və məkrli əmələ görə, bütün məsuliyyətin təcavüzkar siyasət aparan Ermənistanın rəhbərliyi üzərinə düşdüyünü vurğulayıb. Adekvat cavabla düşmənə sarsıdıcı zərbələr vurulub və həlak olan hərbçilərimizin qanı yerdə qalmayıb.

İlham Əliyev Azərbaycan Respublikasının Prezidenti: Beynəlxalq təşkilatlara müvafiq müraciətlər edilib və operativ vəziyyət imkan verən kimi biz Azərbaycanda fəaliyyət göstərən xarici ölkələrin hərbi nümayəndələrini həmin əraziyə dəvət edəcəyik, onlar öz gözləri ilə vəziyyəti görsünlər. Görsünlər ki, kim bu hərbi təxribatı törədib. Bu hərbi təxribat nəticəsində nələr baş verib və kim vəziyyətin gərginləşməsinə cavabdehlik daşıyır. Bizim işimiz haqq işidir və Azərbaycan öz prinsipial mövqeyindən bir addım geri atmayacaq.

Ermənistanda daxili vəziyyətin böhranlı həddə çatması, ölkəmizin son vaxtlar əldə etdiyi beynəlxalq uğurlar, işğalçı ölkənin münaqişə ilə bağlı mövqelərinə vurulan ciddi zərbələr onları bu çirkin əmələ sövq edib.

İlham Əliyev Azərbaycan Respublikasının Prezidenti:Digər tərəfdən, o da sirr deyil ki, artıq uzun müddətdir ki, Ermənistan münaqişə ilə bağlı öz addımlarında xüsusilə Ermənistan-Azərbaycan dövlət sərhədini misal gətirərək belə bir rəy formalaşdırmaq istəyir ki, guya Azərbaycan Ermənistan ərazisinə hücumlar edir. Halbuki bu, yalandır. Bütün hücumlar Ermənistan tərəfindən törədilir və bunun kifayət qədər sənədləri var, video-foto sənədləri var. Azərbaycan isə sadəcə olaraq, bütün təxribatlara adekvat cavab verir. Əgər Ermənistan ərazisindən Azərbaycan mövqelərinə, Azərbaycan kəndlərinə atəş açılırsa, təbii ki, biz adekvat cavab verəcəyik və veririk.

Dövlət başçısı deyib ki, bütün imkanlardan istifadə olunaraq özünü müdafiə etməklə düşmənə də öz yeri göstəriləcək.