• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1859
— 10.07.2020 20:11

Koronavirus infeksiyasına 526 yeni yoluxma faktı qeydə alınıb

KepezTV Player

Pandemiyaya qarşı mübarizəyə dəstək olmaq üçün Kubadan Azərbaycana həkimlər gələcək. Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqi zamanı deyilib.Sağalan insanların koronavirusdan təkrar test olunub-olunmaması sualına aydınlıq gətirilib, çimərliklərin açılmamasının səbəbi də açıqlanıb.

TƏBİB rəsmisi deyib ki, rayonlara hansısa şərtlər əsasında getməklə bağlı müraciətlər olur.

Xarici ölkələrdən son günlərdə Azərbaycana çoxlu sayda həkim qrupu gəldiyi də vurğulanıb.

Xaricdəki vətəndaşların təxliyəsi davam edir. Bakıdan Londona çarter reysləri ilə bağlı danışıqlar yekunlaşıb, həftədə bir dəfə uşuş baş tutacaq. Almaniyadan Berlin-Bakı reysi də həyata keçiriləcək. Rusiya ilə də bu istiqamətdə danışıqlar aparılır. Qətərdən və Macarıstandan da Azərbaycana vətəndaşların gətirilməsi nəzərdə tutulub.

Azərbaycanın xaricdəki səfirliklərində, xüsusilə Meksika və Moldovada səfirliklərin əməkdaşları və onların ailə üzvləri arasında yoluxma halları var. Azərbaycan Silahlı Qüvvələrinin Əfqanıstanda olan şəxsi heyəti arasında bir nəfərdə koronavirus olub və o, karantinə alınaraq, ölkəyə gətirilib. Təcridxanalarda da yoluxmalar qeydə alınır.

Səhiyyə Nazirliyinin aparat rəhbəri Nadir Zeynalov diqqətə çatdırıb ki, evdə müalicə təcili yardımın üzərinə düşən yükün azaldılması üçün təşkil olunub və hələ ki, Bakıda tətbiq olunur.

TƏBİB-in şöbə müdiri Yaqut Qarayeva deyib ki, iş yerlərində kütləvi testlərin aparılması tövsiyə olunmur. Bundan başqa sağalan insanlardan təkrar test götürülməsi də tələb edilmir.

Epidemioloji vəziyyətin dəyişməsindən asılı olaraq, sərt karantin rejimi tətbiq olunan rayon və şəhərlərin siyahısı dəyişə bilər. Çimərliklərin açılmasına gəlincə, deyilib ki, Bakı ətrafında çimərliklər açılsa, ora axının necə olacağını təsəvvür etmək çətindir. Kimsə sosial məsafənin az olmasına, sıxlığa görə çimərliyə buraxılmasa, başqa problemlər ortaya çıxa bilər. Brifinq zamanı jurnalistlərin pandemiya dövründəki fəaliyyətindən bəhs edilib. Media məkanında çalışan insanların kütləvi şəkildə testdən keçirilməsi məqamı da müzakirə olunacaq.