• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 875
— 08.07.2020 20:55

Məhsuldarlıq qənaətbəxşdir

KepezTV Player

Göygöl rayonunda dağətəyi ərazilərdə taxıl biçini başlayıb. Aqrar rayonda bu il havalar quraq keçsə də, məhsuldarlıq qənaətbəxşdir.

Hazırda biçin işləri rayonun bir çox yerlərində, o cümlədən Topalhəsənli kəndində gedir. Rayonda ən böyük təsərrüfatlardan birinin rəhbəri Aydın Cəfərov bu il əkdiyi sahələrdən təxminən 5 gündür ki, məhsul yığır. 84 yaşlı fermer taxıl zəmilərinin əsas hissəsini dəmyə şəraitində becərir. Bu mövsüm yağıntının az düşməsi məhsuldarlığa təsir etsə də, təsərrüfatçı biçilən ərazilərdən orta hesabla 23-24 sentner məhsul götürüb.

Aydın Cəfərov fermer: Havaların quraqlıq keçməsi ilə əlaqədar taxılda zəiflik var. Ancaq yenə də şükür ki, məhsuldarlıq qənaətbəxşdir. Bunu həddindən artıq çox demək olmaz. Orta hesabla qənaətbəxşdir. Kənd təsərrüfatında məhsuldarlıq əldə etmək iqlimlə bağlı get-gedə çox çətinləşir. Vaxt var idi ki, bizim bu yerlərdən 40-45 sentner taxıl götürürdük. İndi iqlim dəyişib.

Bu ərazilərdə əkilən buğda keyfiyyətinə görə fərqlənir. Burada yaxşı toxum seçimi də az rol oynamır.

Aydın Cəfərov fermer: Ərzaq üçün, çörək üçün ən keyfiyyətlidir. Ona görə ki, bu taxıl dəmyə şəraitdə yetişir. Düzdür, məhsuldarlığı suvarılan ərazilərdəki ilə müqayisədə zəif olsa da, bunun keyfiyyəti daha yaxşıdır. Məsələn elit əkiriksə, R1 alırıq, R1 əkiriksə R2 alırıq. Keyfiyyətsiz məhsulu ikinci dəfə səpmirik, ancaq ərzaq kimi işlədirik.

Göygöldə taxıl biçini 50 faizdən çox sahədə başa çatıb. Biçinə 17 ədəd kombayn cəlb olunub.

Adil Kərimzadə Göygöl DAİM-in Bitkiçilik sektorunun müdiri:Artıq rayonda taxıl biçini geniş vüsət almışdır. Bu günə kimi 2619 hektarda taxıl biçini aparılmışdır. Rayonda digər illərdən fərqli olaraq bu il biçində belə bir yenilik təşkil olunmuşdur. Belə ki, rayon ərazisində növbəlilik əsasında taxıl biçini aparılır. Kombayn kəndlərdə növbə ilə taxıl sahələrini biçir. Bu səbəbdən də rayon ərazisində taxıl biçən kombaynlarla bağlı heç bir çatışmazlıq halı baş vermir.

Göygöl rayonunda 6826 hektar ərazidə taxıl əkilib. Bunun 4415 hektarı buğda, 2411 hektarı arpadır. Rayonda biçin kampaniyasına iyunun 20-dən başlanılıb və iyulun sonuna kimi yekunlaşacaq.