Cəmiyyətdə baş verən bütün hadisələr insanlara həm fiziki, həm də mənəvi cəhətdən müəyyən mənada təsir göstərir. Yaranan stress, gərginlik və bu kimi hallar özünü şəxsə görə fərqli formalarda büruzə verir. Bunlardan ən dəhşətlisi isə sözsüz ki, müharibənin törətdiyi psixoloji travmalardır. Çox əfsuslar olsun ki, həyatı müharibə dövrünə təsadüf edənlər bəzən nəinki yaxınlarını, ailə üzvlərini, hətta xəyallarını, arzu və ümidlərini itirirlər. Həmin itirilən ümidlər, həmin qarmaşalıq "Qaşıq" qısametrajlı filmində canlandırılıb.
Böyük Vətən Müharibəsi illərində baş verən real hadisə bu dəfə "Qaşıq" filmində öz əksini tapıb. Ekran əsərində uşaqlıq illəri sözügedən vaxta təsadüf edən insanın xatirəsi səhnələşdirilib. Ekran işində Musa obrazını Sabir Rüstəmov canlandırıb. Ümumilikdə bir neçə aya ərsəyə gələn filmin çəkiliş müddəti təxminən 1 həftəni əhatə edib.
Müşfiq Balayev - quruluşçu rejissor: Bizdə əsas vaxt aparan bir kastinq oldu. Uyğun olanlarını tapana qədər çox vaxt getdi. Bir də adaptasiya müddəti. Seçdiyimiz lokasiyalar kənd olduğu üçün orda qalmalı olduq. Kənd camaatı ilə ünsiyyətdə olduq, elə etdik ki, onlar bizi tanısın.
Xronometrajı 6 dəqiqəyə yaxın olan film Nurlana Həşimovunun hekayəsi əsasında, Samux rayonunun Qovlar Sarı kəndində ekranlaşdırılıb. Quruluşçu rejissoru Müşfiq Balayev, operatoru Fəqan Yusifov, ssenari müəllifi isə Ruhəngiz Hacıyevadır.
Ruhəngiz Hacıyeva - ssenari müəllifi: Müharibələr insanları təkcə fiziki cəhətdən yaralamır. Bəzən insanlar mənəvi cəhətdən o qədər dərin yaralar alırlar ki, bir ömür bu yükün altından çıxa bilmirlər. Müharibələrdə kimisi uşaqlığını, kimisi gəncliyini itirir. Çox qısa zaman kəsiyinə bu hissi sığdırmağa, tamaşaçıya ötürə bilməyə çalışdıq.
Vətənpərvərlik mövzusunda çəkilən filmdə təsadüfi aktyorlar yer almayıb, obrazları kastinqdən keçən gəncəli könüllülər canlandırıb.
Müşfiq Balayev - quruluşçu rejissor: Burada bir neçə məna var. Treylerdən sonra anotasiyanı oxuyan portallar, hərə bir cür mövqe bildirdi. Xalqımızın adı Böyük Vətən Müharibəsi illərində nə qədər az çəkilsə belə, rolumuz az olmayıb. 15 respublikanın içərisində azərbaycanlılar da bir qarnı ac, bir qarnı tox olub. Mübariz xalqıq, çıxmışıq bu vəziyyətdən. Qarabağ müharibəsində də böyük çətinliklər olub, çıxmışıq. İnşallah qələbə yenə bizimlə olar, onu tamaşaçılara başqa prizmadan göstərərik.
Qısametrajlı filmdə mətni Yaşar Kamal və Respublikanın Xalq Artisti Naibə Allahverdiyeva səsləndirib. Anonsu ilə səs alan ekran işinin sizdə də fərqli təəssüratlar yaradacağı ümidi ilə, hər birinizə xoş izləmələr..
- Baxış: 522