• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1838
— 27.06.2020 14:51

Taxıl sahələri artıb

KepezTV Player

Ölkədə hazırda taxıl biçini aran bölgəsinə aparılır, dağlıq ərazilərdə isə biçinə gələn ayın sonlarında başlanılacaq. Gədəbəydə də arpa və buğda yığımına hazırlıq gedir.

Digər ərazilərlə müqayisədə rayonda biçin ay yarım gec aparılır. Gədəbəydə kartofdan sonra ən çox becərilən bitki olan buğda əsasən dəmyə sahələrdə əkilir. Bu rayonda taxıl zəmiləri olan iri fermerlər var ki, bunların içərisində ən qabaqcıllarından biri Şahlar Zeynalovdur. Gənc fermer bu il 5 hektardan çox ərazidə buğda əkib və məhsulu heyvandalıq təsərrüfatında da istifadə edilir.

Şahlar Zeynalov fermer: Taxıla üstünlük ona görə vermişəm ki, mən özüm heyvandarlıqla məşğulam. Özümə dövlət tərəfindən torpaq 1 hektardan çoxdur. Amma icarəyə götürdüyüm sahələr var. Taxıl çox yaxşı oldu. Buna baxmayaraq yağış olmadığına görə dən yaxşı deyil. Bizim taxılımızdan çox yaxşı çörək olur. Dəyirmanda buğdanı üyüdüb, çörək kimi istifadə edirik. Bundan başqa zəif buğdanı heyvanlara verirəm.

Ötən il Gədəbəydə vaxtında aqrotexniki qulluq göstərilməsi və havaların normal keçməsi səbəbindən taxılın hər hektarından orta hesabla 29.5 sentner məhsul götürülüb. Cari il isə hava şəraiti əlverişli olarsa, daha çox - 32 sentner məhsul gözlənilir. Bununla yanaşı rayonda biçin vaxtı aran bölgəsində olduğu kimi texnika sarıdan əziyyət çəkilmir və zamanında xəstəliklərlə bağlı mübarizə tədbirləri görülür.

Asəf Nağıyev Gədəbəy DAİM-nin direktoru: Texnikalarla bağlı taxılçılıqda heç bir problem yoxdur. Dağlıq ərazi olduğu üçün aran rayonlarında biçin qurtarıb bura gəlir və 10-15 iş gününə taxılımızı biçib, başa çatdırırıq.  Xəstəliklərlə bağlı taxılda əsasən alaq otlarına qarşı mübarizə aparırıq. Ona görə də may ayında herbisitlərdən istifadə etmişik. Yaxşı taxıl gözlənilir.

2020-ci ildə Gədəbəydə 2480 hektar ərazidə taxıl əkilib ki, bu da ötən illə müqayisədə 480 hektar çoxdur. Becərilən ərazilərin 2250 hektarı buğda, 230 hektarı arpadır. Ancaq bir müddət öncə rayona düşən dolu və güclü yağış nəticəsində 100-a hektara yaxın taxıl sahəsi yararsız hala düşüb.