• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1056
— 26.06.2020 19:42

Özünüməşğulluq proqramından yararlananlar

KepezTV Player

İşsiz və iş axtaran vətəndaşlar ekrana yaxın əyləşsinlər. Özünüməşğulluq proqramı çərçivəsində işsiz şəxslər lazımi avadanlıq və aktivlərlə təmin olunmaqda davam edir. Qərb bölgəsində də dövlət vəsaiti hesabına həyata keçirilən layihə çərçivəsində öz biznesini qurmaq istəyənlərə şərait yaradılıb. Samux rayonunda yaşayan və özünüməşğulluq proqramına müraciət edərək öz biznesini quranlarla bizi əməkdaşımız Valeh Anaroğlu tanış edəcək.

Biznes qurmaq istəyirdi, ancaq vəsaiti yox idi. Bunu dövlətin köməyi ilə reallaşdırdılar. Samux rayonunda yaşayan Günay Əmirova Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinin özünüməşğulluq proqramına müraciət edib. Biznes planı məqsədəuyğun hesab olunan Günay xanıma öz biznesini qurmağı üçün lazım olan avadanlıq və aktivlər təqdim edilib. O, verilmiş aktivlər hesabına istehsal-xidmət sahəsi üzrə kiçik müəssisəsini - şirniyyat sexini qurub.

Günay Əmirova - proqram iştirakçısı: Samux rayonu Füzuli kəndində yaşayıram. Şirniyyat sexi açmaq üçün Samux rayon Məşğulluq Mərkəzinə müraciət etdik. Bizi yeni avadanlıqlarla təmin etdilər. Hər bir insan öz sevdiyi işin arxasında olmalıdır, işini sevməlidir. Hər növ tortlar, şirniyyatlar hazırlayırıq, satışını icra edirik. Ailə büdcəsini artırırıq.

Zabit Nürəddinov da özünüməşğulluq proqramından yararlananlardan biridir. Ona 2016-ci ildə Məşğulluq xidməti tərəfindən dolanışığını təmin etmək üçün 2 ədəd iribuynuzlu mal-qara verilib. O deyir ki, hazırda ailəsinin dolanışığını təmin edə bilir. Heyvandarlıq üzrə yaradılan təsərrüfatlar da məşğulluğunun artırılmasına, həmçinin ərazidə kiçik sahibkarlığın genişlənməsinə imkan yaratdır.

Zabit Nürəddinov - proqram iştirakçısı: Özüm Qarabağ əliliyəm. Ailə vəziyyətim yaxşı olmadığı üçün məşğulluq mərkəzinə müraciət etdim. 3 ay müddətində mənə 2 iribuynuzlu mal-qara verdilər. İnəklər də balalayıb, südünü satırıq, qalanını da ailəmiz yeyir-içir. Dolanışığımız pis deyil.

Sosial təminatı aşağı səviyyədə olan şəxslərin bu proqrama cəlb edilməsi istiqamətində işlər davam etdirilir. Qərb regionun 1000 nəfərdən artıq şəxsin bu proqramdan yararlanması bunu deməyə əsas verir.

Əsmər Nəcməddinqızı - Dövlət Məşğulluq Xidmətinin mətbuat katibi: Cari ilin ötən dövrü ərzində 3500-ə yaxın işsiz və işaxtaran vətəndaş bu proqrama cəlb olunub. Qərb bölgəsində təkcə ötən il, 1421 nəfər bu proqrama cəlb olunub. Onlar təqdim etdikləri biznes plana uyğun mal və materiallarla təmin olunaraq, öz kiçik ailə təsərrüfatlarını, ailə bizneslərini yarada biliblər və işə başlayıblar. Təbii ki, cari il üzrə bu işlər davam etdirilir. Cari ildə respublika üzrə 12000 şəxsin bu proqrama cəlb olunması nəzərdə tutulur.

Həssas əhali qruplarından olan həmin proqram iştirakçılarının hər biri verilən aktivlər hesabına uğurlu şəkildə öz kiçik ailə müəssisələrini qurublar. Özünüməşğulluq fəaliyyəti işsiz və işaxtaran şəxslərin ailə bizneslərini qurmalarına, əmək potensiallarının reallaşdırılması yolu ilə gəlirlərini artırmalarına, həmçinin kiçik və orta sahibkarlığın inkişafına xidmət edir.

 

Valeh Anaroğlu