• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1058
— 26.06.2020 20:02

"Maskam yoxdur, taxa bilmirəm" deyən şəxslər marketə buraxılmır

KepezTV Player

Karantin rejimi dövründə qida məhsullarının satışını həyata keçirən müəssisələr müvafiq tələblərə əməl etmək şərti ilə öz fəaliyyətini davam etdirir. Mağaza əməkdaşları elə bu gün də maska və əlcəklərlə alıcıların xidmətindədir. Bəs görəsən, müştərilər necə? Onlar karantin qaydalarına nə dərəcədə əməl edirlər? Ümumiyyətlə, şəhərdəki əsasən də iri ərzaq marketlərində vəziyyət necədi? Bax elə bu mövzunu araşdırmışıq, süjetimizi izləyək.

Qəmər Əfqani - alıcı: Bazarlıq üçün gəlmişəm, əlimizə spirt vururlar. Əlcəkdən, maskadan istifadə edirlər.

Telli Məmmədova - alıcı: Maskamızı taxırıq, 2 metr məsafəni də gözləyirik. Yəni, nə lazımdır riayət edirik.

Respondentlərdən fərqli olaraq, deyilən qaydaları birtəhər qarşılayıb, əməl etməkdən boyun qaçıran alıcılara da rast gəlinir.

Pərviz Məmmədzadə - dükan inzibatçısı: Elə müştərilər var ki, tibbi maskasız dükana daxil olur. Biz iradımızı bildirəndə maska taxanlar da olur, əksinə mübahisə salanlar da. Bəzi alıcılar ümumiyyətlə, maska taxmaq istəmir, bu zaman problemlər yaşanır.

Qismət Əkbərov - xəzinədar: Bəzən aqressiv cavablar verirlər bizə, hirslənirlər. Biz onları yenə də səbrlə yola salırıq.

Gün ərzində bəlkə də yüzlərlə müştəri ilə ünsiyyətdə olan mağaza əməkdaşları hər nə qədər səbrli olsa da, müəyyən məqamlarda güzəşt etmirlər.

Özal Hüseynli - mağaza müdiri: Operativ Qərargahın təyin etdiyi qaydalara uyğun olaraq, işçilər əlcək və maskadan istifadə edir. Bununla yanaşı, müştərilərdən bir çox məsələlərdə diqqətli olmaq tələb olunur. Çəki ilə olan ərzaqlara əllə toxunmaq tövsiyə olunmur. Maskam yoxdur, taxa bilmirəm deyən şəxsləri marketə buraxmırıq.

Dükanda fəaliyyət göstərənlər mütəmadi olaraq, tibbi maska, əlcəklərlə təmin olunurlar. Alıcılar isə əllərini yalnız xüsusi məhlullarla dezinfeksiya etdikdən sonra mağazaya daxil olurlar.

Pərviz Məmmədzadə - dükan inzibatçısı: Karantin rejimində tibb işçilərinə, hüquq-mühafizə orqanlarının əməkdaşlarına xüsusi təşəkkür düşür. Amma bildirmək istəyriəm ki, o təşəkkürlərdən biz mağaza əməkdaşlarına da pay düşür. Çünki biz də pandemiya dövründə müştərilərlə bacardığımız qədər xoş münasibət yaratmağa çalışırıq. Bacardığımız qədər istəyirik ki, müştərilərimiz də bizimlə bərabər karantin rejiminə əməl etsinlər, sağlamlığımızı qoruyaq.

"Təşəkkür" insanı etdiyi yaxşılığı təkrarlamağa sövq edir. Amma bu o demək deyil, tək tərəfli anlayış gözləyib, səbrsiz olaq.