Koronavirus Gəncədə ictimai nəqliyyata tələbatı azaltmaqla, bəzi xətlərin ləğvinə və ya birləşdirilməsinə səbəb olub. Təbii, bu sərnişinlər üçün arzuolunan olmasa da səbəbsiz də deyil. İctimai nəqliyyat vasitələrinin seyrələn sayı barədə Valeh Anaroğlu danışacaq.
Koronavirus pandemiyası dövründə Gəncə sakinlərinin üzləşdiyi çətinliklərdən biri də məhz sərnişindaşıma ilə bağlıdır. Sərnişinlərin azlığının avtobuslar arasında intervalın böyüməsinə səbəb olması bir tərəfdən, bəzi xətlərin ləğv edilməsi isə digər tərəfdən. Əsasən də şəhər kənarı hərəkət edən və daha çox qırıq salxaq Qazel və mersedeslərdən istifadə edilən mikroavtobuslar daha xətlərə buraxılmır. Sakinlər də elə xətlərə yeni nəqliyyat vasitələrinin buraxılmamasından əziyyət çəkirlər.
sakin: Gündəlik ictimai nəqliyyatdan istifadə edən bir şəxs kimi 4A marşurutundan istifadə edirdik. Amma hal-hazırda o yoxdur, işləmir. Olmaması da problemlərə gətirib çıxarır. Çalışırıq ki, yaxın məsafələri piyada qət edək. Ancaq bəzən taksidən də istifadə edirik, bu da büdcə üçün heç də sərfəli deyil.
sakin: Ən çox iatifadə etdiyim nəqliyyat vasitəsi 26-dır. Hal-hazırda təmiz ləğv olunub. Məcbur qalıb başqa nəqliyyat vasitələrindən istifadə edirik, bu da işə gecikməyə səbəb olur, maddi cəhətdən çətinliklər yaradır. Məcburiyyətdən prospektə çıxıb ayrı marşurutdan istifadə edirik.
O da mövcud vəziyyətlə əlaqədar avtobuslar gec-gec işlədiyindən, çətinlik bir qədər də qabarıq şəkildə özünü göstərir. İntervalın kifayət qədər böyük olması sakinləri alternativ nəqliyyat vasitələrindən istifadəyə "məcbur" edir. Sürücülər də mikroavtobusların xətdən çıxarılması nəticəsində belə çətinliyin yarandığını bildirirlər.
Zaur Bağırov sürücü: Biz də əvvəllər qəzellər və mersedes mikroavtobuslar idi. Aztutumlu avtomobilləri pandemiya ilə əlaqədar olaraq müvəqqəti dayandırıblar. Ona görə də yekə avtobuslarla işləyirik. Sərnişinlərin də sayı çox azalıb, iş zəifləyib.
Vasif Məmmədov sürücü: Minib-düşən çox olmur, sərnişin yenə də azdır. Qaydalara da riayət edirlər, hamı maska taxıb. Qrafikimiz üzrə də işləyirik.
Nəqliyyat vasitələrinin çatışmazlığı ilə bağlı məsələyə cavabdeh olan qurumlardan biri də daşıyıcı şirkətlərdir. İnfrastruktur məsələlərini qabardan şirkət nümayəndəsi, dövlətdən yardım gözlədiklərini deyir.
Coşqun Alışov daşıyıcı şirkət nümayəndəsi: Pandemiya dövründə cəmiyyətin gəliri azalıb. Avtobus gətirməyə gücümüz çatmır. Ona görə də, dövlət tərəfindən, şəhər icra hakimiyyəti tərəfindən bizə dəstək olsa, bu məsələni daha da tez həll etmək olar.
Sərnişindaşımanı həyata keçirənlərə nəzarət edənlər də bu məsələdə bir o qədər məsuliyyət daşıyır. Sözügedən məsələnin həlli istiqamətində şəhərdaxili sərnişindaşıma idarəsinin də mövqeyini öyrəndik.
Ruslan Paşayev Gəncə Avtomobil Nəqliyyatı ilə Sərnişindaşıma İdarəsinin hüquqşünası: Pandemiya dövrü ilə əlaqədar, şəhər üzrə 18 marşurut xətti üzrə 190 ədəd ortatutumlu nəqliyyat vasitəsi fəaliyyət göstərir. Daşıyıcı şirkətlər müvafiq xətləri yetərincə nəqliyyat vasitəsi ilə tam olaraq təmin edə bilmədiyindən interval məsafələri uzadılır. Bununla bağlı daşıyıcı şirkət rəhbərlərinə xəbərdarlıq olunub. Vəziyyət bu cür davam edərsə, qanunamüvafiq şəkildə həmin daşıyıcı şirkətlərlə müqaviləyə xitam verilib, xətlər digər daşıyıcının istismarına təqdim olunacaqdır. Bu da təbii ki, maddi-texniki bazası yaxşı səviyyədə olan daşıyıcıya.
Sərnişindaşımada vəziyyətin düzəlməsi ilin sonuna qədər mümkün ola bilər. Əgər sahibkarlar yeni nəqliyyat vasitələrinin istismarı ilə bağlı əməli addım atıb, qərar verərsə.
Valeh Anaroğlu
- Baxış: 830