• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1823
— 22.06.2020 19:59

İlk dəfə əkilən soya bitkisi

KepezTV Player

Dağlıq və dağətəyi rayonlar üçün xarakterik olmasa da, heyvandarlığın inkişafında effektiv vasitələrdən biri sayılan soya bitkisinin Göygöldə sınaq əkini aparılıb. Yağ, süd, krem və ət əvəzediciləri kimi məhsulların istehsalında istifadə olunan soya bitkisi barədə əməkdaşımız Valeh Anaroğlu material hazırlayıb. İzləyək.

Vətəni Çin olan soya bitkisi düyü və buğda kimi müqəddəs yem bitkilərindəndir. Əsasən düzənlik ərazilərdə əkilən soya bitkisinin Göygöl rayonunda təcrübə əkini aparılıb. Fermerlər deyir ki, dağlıq ərazilərdə yüksək aqrotexniki qulluq qaydalarına riayət etməklə hektardan 25-30 sentnerə yaxın məhsul götürmək mümkündür.

Niyaz Abbasov - fermer: Gördüyünüz bu sahədə soya bitkisi əkmişik. Sevdiyimiz Ağröyal soya sortudur. Məhsuldar sortdur. Boyu 100 sm-ə qədərdir. Qulluq sevən bitkidir. Alaqlanmaya da çox həssasdır. Vegetasiya müddəti hardasa 110 gündür. 110 günə bundan məhsul almaq olur. Tam fizioloji yetişkənlik şəraitində paxlaları açılmır. Tam yetişən vaxtı yarpaqları mərhəlli şəkildə quruyur. Amma bunu deskasiya edirlər. Maqnezium xlorat ilə deskasiya edildikdən sonra yarpaqları tökülür. Ondan sonra məhsulu SKA-5 kombaynı vasitəsilə yığırlar.

Strateji məhsul kimi, dünya birjalarında buğda, pambıqla yanaşı yer tutan soya bitkisi mal, qoyun, quş ətinin və süd məhsullarının qiymətinə birbaşa təsir edən əsas bitkilərdən hesab olunur. Soya bitkisinin əkin sahələrinin artırılması heyvandarlığın xarici yemdən asılılığının azaldılmasına, həm də bu məhsulun yüksək ixrac potensialına töhfə verə bilər.

Qurban Məmmədov - mütəxəssis: Soya bitkisi dənli-paxlalı bitkidir. Eyni zamanda yağlı bitkidir. Soya bitkisi çox böyük əhəmiyyətə malikdir. Dünyada istehsal olunan bitki yağının 60-63 %-ni soya bitkisindən alırlar. Soya bitkisi həm heyvandarlıqda yem kimi gözəl nəticə verir, qarışıq əkinlərdə qarğıdalı bitkisi ilə, digər dənli taxıl bitkiləri ilə, sorqo ilə əkdikdə, taxılların zülali hissəsinin mənimsənilməsini 70%-ə qədər sürətləndirir.

Statistikaya əsasən soya bitkisi hal-hazırda bütün dünyada 67 milyon hektar ərazini əhatə edir. Soya əsasən sənayedə mühərrik yağları, kosmetika, qida yağları, un, heyvan yemlərində və bir çox sahlərdə geniş istifadə olunur. Soya 318 milyonluq istehsal miqdarıyla ilk sırada olan ən önəmli yağ bitkisidir.

Valeh Anaroğlu