• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1156
— 22.06.2020 20:03

Tütünçülükdə diqqət edilməli məqamlar

KepezTV Player

90-cı illərdən başlayaraq ölkədə tütünçülüyə marağın azalması respublika ərazisində tütün əkininə təsirsiz ötüşmədi. Ancaq ölkədə tütünçülük ənənələrinin bərpa olunması, iqtisadi baxımdan rentabelli sayılan bu sahəyə marağı bərpa etmək son illər daha qabarıq şəkildə özünü göstərir. Goranboy rayonunda əkini aparılan tütün bitkisi ilə bağlı diqqət edilməli məqamlar var.

Azərbaycanda becərilən kənd təsərrüfatı bitkiləri içərisində tütün özünəməxsus yer tutur. Bu bitkinin becərilməsi həm özünüməşğulluğa, həm də iqtisadi baxımdan fermerlərin yüksək gəlir əldə etməsinə müsbət təsir göstərir. Əsasən dağlıq və dağətəyi ərazilərdə becərilən tütün bitkisinin Goranboyun Qaraçinar kəndində də fermerlər tərəfindən əkini aparılıb.

Şakir Hüseynov - fermer: 6 hektar ərazidə tütün bitkisi əkmişik. Vircinya-36C sortudur. Ən məhsuldar sort hesab olunur. Çünki bu sortdan alınan məhsulun yarpağı da enli olur, məhsuldarlığı da çox olur. 1 dəfə toxa vurmuşuq. Təqribən 3 ton məhsul gözləyirik. Xırda vaxtı danadişi kəsir, ancaq acıdıqdan sonra heç bir zərərverici buna təsir edə bilmir. Birdə sıx əkildikdə, bit düşür.

Ölkədə qeyri-neft sektorunun inkişaf etdirilməsi baxımından tütünçülüyün genişləndirilməsi yaxşı perspektivlər vəd edir. Ancaq rentabelli kənd təsərrüfatı bitkisi sayılan tütünün zərərvericiləri də az deyil. Gəmirici sofkalar, çəmən kəpənəyi, məftil qurdları, tütün tripsi kimi zərərvericilərin fəaliyyəti birbaşa tütün bitkisinin vegetasiyasının pozulması ilə nəticələnir. Bu baxımdan fermerlərin diqqət etməli olduğu bir sıra məqamlar var. Çünki bu bitki torpaqda bir növ rezervator rolunu oynayır.

Kazım Hüseynov - entomoloq: Tütün bitkisi becərən fermerlər çox diqqətli olmalıdır. Tütün bitkisi 700-dən artıq zərərverici ilə sirayətlənir. Bu o deməkdir ki, Azərbaycanda bu qədər zərərverici ilə sirayətlənən bitki yoxdur. Ekoloji tələbata uyğun olmayan ərazilərdə bitki becərilərsə, onun suya və digər qida maddələrinə ehtiyacı daha çox olur. Ona görə də, fermerlərimiz nəzərə almalıdırlar ki, qeyri-əlverişli şəraitdə tütün bitkisi becərilərsə, mütləq şəkildə onun daha çox suvarılmasına və ehtiyat qida maddələri ilə təminatına fikir verməlidirlər.

Tütünçülüyün inkişafı tütün emalı müəssisələrinin xammala olan tələbatının daxili istehsal hesabına ödənilməsinə, habelə tütün və tütün məmulatı üzrə idxaldan asılılığın azaldılmasına və ixracının artırılmasına da mühüm töhfə verə bilər.

 

Valeh Anaroğlu