• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 3188
— 20.06.2020 20:16

Arı sancması nə zaman ölümlə nəticələnir?

KepezTV Player

Bir neçə gün əvvəl Bərdədə baş verən bədbəxt hadisə zamanı 37 yaşlı kənd sakini həyatını itirdi. Məsələdə diqqət çəkən məqamlardan biri mərhumun ölüm səbəbi oldu. Xəstəxanaya çatdırılmasına rəğmən olduqca sadə səslənən, arı sancması bu dəfə can aldı... Beləliklə, sözügedən fakt ağıllarda suallar doğurdu. Arı sancması hansı halda ölümlə nəticələnə bilər? Vəziyyətə hər hansı bir müdaxilə üsulu varmı? Nə kimi ilkin tibbi yardım edə bilərik? Mövzunu əməkdaşımız Nazənin Zaman araşdırıb, süjeti izləməklə bütün suallara cavab tapa bilərsiniz.

Arı sancmalarının xüsusilə, yayda müşahidə edilməsi bu ərəfədə həşəratlarla kontakt müddətimizin çox olmasından irəli gəlir. İmmun sisteminin həşərat toksinlərinə qarşı verdiyi cavab, allergik reaksiyaların bir neçə tipi halında özünü büruzə verir. Lakin məsələylə bağlı sakinləri daha çox düşündürən məqam arının hansı nahiyədən sancmasıdır. Nədənsə, çoxları düşünür ki, təhlükənin potensialı məhz burdan qaynaqlanır.

Şəhla Verdiyeva terapevt:Dil və yaxud ağız boşluğundakı digər orqanların sancılması zamanı həyatı təhlükə sadəcə tənginəfəslik yaradacağına görədir. Əslində isə nahiyənin burda heç bir önəmi yoxdur. Hansı nahiyədən sancmasından asılı olmayaraq immun sistemin toksinlərə verdiyi cavab önəmlidir.

Ləng tipli allergik reaksiyalar tənginəfəslik, boğulma, təzyiqin anidən düşməsi, bəzən qusma hissi kimi mütəmadi simptomlarla müşahidə olunur. Bu kimi reaksiyalar zamanı vəziyyəti ələ almaq müəyyən mənada asanlaşır. Amma arı sancması sürətli tip allergik reaksiyalarla müşahidə olunarsa, bu anafilaktik şok bəzən isə insan ölümü ilə nəticələnir.

Şəhla Verdiyeva terapevt: Bir az oyaq davranmaq, ən yaxındakı tibb müəssisəsinə müraciət etmək, təcili tibbi yardım məqsədilə ürək funksiyasını normallaşdırmaq üçün  adrenalin və ya steroidlərdən istifadə etmək xəstənin həyatını qurtara bilər.

şəhər sakini: Bir dəfə arı sancıb məni. O gündən arılarla ehtiyatlı olmağa başlamışam. Elə ciddi fəsad verməyib. Amm əslinə qlasa arı sancması elə belə bir şey deyil.

Şəhla Verdiyeva terapevt:1-ci dəfə sancma zamanı toksin orqanizmə daxil olanda immun sistemində ona qarşı antitellər yaranır. 2-ci sancma zamanı isə həmin antitellərin sekresiyası səbəbinə ölüm halı baş verir. Çox zaman 2-ci və 3-cü arı sancmaları zamanı ölüm müşahidə olunur. 4, 5 dəfədən artıq arı sancan insanlarda isə ölüm çox nadir hallarda baş verir. Bu əksər hallarda ilk 3 sancma zamanı baş verir.

Arı sancmaları daha çox gənc və orta yaşlı insanlarda ölüm halları ilə müşahidə olunur. Onun allergiyadan əziyyət çəkənlər arasında daha ağır nəticələr verdiyi ilə bağlı formalaşan fikir heç də həqiqəti əks etdirmir.