Baş Nazir Əli Əsədovun qərarı ilə koronavirus infeksiyasının ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə xüsusi karantin rejiminin müddəti 1 avqust gecə saat 12-dək uzadılıb. Dövlət sərhədində giriş-çıxışa tətbiq olunan məhdudiyyət də həmin tarixədək uzadılıb. Narıncı zonaya daxil olan şəhər və rayonlarda isə iki həftəlik xüsusi qaydalar tətbiq olunacaq.
21 iyun gecə saat 12-dən 5 iyul səhər saat 6-dək Bakı, Sumqayıt, Gəncə, Lənkəran, Yevlax, Masallı, Cəlilabad şəhərlərinin və Abşeron rayonunun ərazisində bir sıra sahələrdə fəaliyyət dayandırılacaq. Nəzdindəki ərzaq mağazaları və apteklər istisna olmaqla, iri ticarət mərkəzlərinin fəaliyyəti, ictimai iaşə obyektlərində müştərilərə yerində xidmət, muzey və sərgi zallarının fəaliyyəti, bərbərxanaların, gözəllik salonlarının fəaliyyəti və kosmetik xidmətlər, onlayn imtahan, müsabiqə və müsahibələr istisna olmaqla təhsil müəssisələrinin fəaliyyəti, açıq havada idman yarışlarının və oyunlarının keçirilməsi dayandırılır. Siyahısı müəyyənləşdirilən bir sıra dövlət orqanlarının əməkdaşlarının, könüllülərinin, hüquqi və fiziki şəxlərin işçilərinin hərəkətinə onlar barəsində məlumatlar “icaze.e-gov.az” portalına daxil edildikdən sonra yol verilir. Digər şəxslərin yaşayış yerini və olduğu yeri tərk etmələrinə ödənişsiz SMS icazə ilə yol verilir. Bunun üçün 8103 nömrəsinə şəxsiyyət vəsiqəsinin seriya və nömrəsini, eləcə də müvafiq rəqəmi yazıb göndərmək lazımdır.
1 rəqəmi - təxirəsalınmaz tibbi zərurətlə və ya qrafik üzrə müalicə almaqla əlaqədar. İcazə rayon və şəhər daxilində 2 saat müddətinə verilir, rayonlar və şəhərlərarası hərəkət zərurəti yarandıqda əlavə müddət nəzərə alınır. 2 rəqəmi – marketə, aptekə getmək, dövlət xidmətləri, bank, poçt və fəaliyyətinə icazə verilən iş və xidmət sahələrində göstərilən digər xidmətlərdən istifadə etmək, həmçinin açıq havada vaxt keçirmək üçün. İcazə 2 saat müddətinə gündə 1 dəfə verilir. Dövlət xidmətlərindən istifadə zərurəti ilə əlaqədar yaşayış yerini və olduğu yeri tərk edən şəxslər üçün geri qayıtma müddəti müvafiq dövlət qurumu tərəfindən verilən arayışla müəyyən edilir.
Yaşayış yerinizi və olduğunuz yeri yalnız 8103 nömrəsindən müsbət cavab aldıqdan sonra tərk edə bilərsiniz. Həyat və sağlamlığa bilavasitə təhlükəli vəziyyət yarandıqda SMS-icazə tələb olunmur. Həmçinin məhkəməyə və ya hüquq mühafizə orqanlarına çağırıldıqda SMS-məlumat göndərilmədən yaşayış yerini və olduğu yeri tərk etmək olar. Bu halda həmin şəxslər çağırışa dair sənədi polis əməkdaşlarına təqdim etməlidirlər. SMS göndərilməsi ilə bağlı yaranan çətinliklərlə əlaqədar 9108 Çağrı Mərkəzinə müraciət edə bilərsiniz. Yaxın qohumun dəfnində iştirakla əlaqədar Daxili İşlər Nazirliyinin 102 Xidməti - Zəng Mərkəzi vasitəsilə icazə alınmalıdır.
Bütün hallarda üzərinizdə şəxsiyyəti təsdiq edən sənədlərin olması məcburidir. Qaydaların pozulması inzibati və cinayət məsuliyyəti yaradır. Beynəlxalq və ölkədaxili uçuşlara müvafiq reys üçün bileti olan şəxslərin hərəkətinə onların biletləri əsasında, ölkəyə gələn vətəndaşların yaşadıqları və ya olduqları yerə gəlməsinə isə onların pasportuna vurulmuş ştamp əsasında yol verilir.
- Baxış: 634