Şərq Tərəfdaşlığı ölkələrinin videokonfrans formatında Sammiti keçirilib. Ermənistanın baş naziri Paşinyan beynəlxalq səviyyəli tədbirdə Azərbaycan Prezidentinin tarixi həqiqətə əsaslanan tutarlı faktları qarşısında növbəti dəfə aciz qalıb.
İlham Əliyev - Azərbaycan Respublikasının Prezidenti: İki il bundan əvvəl Brüsseldə Azərbaycan və Avropa İttifaqı arasında “Tərəfdaşlıq Prioritetləri” sənədi paraflanıb ki, burada hər iki tərəfin müstəqillik, suverenlik, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərin toxunulmazlığı prinsiplərinə sadiqliyi vurğulanır. Ermənistan və Azərbaycan arasında olan münaqişə eyni prinsiplər əsasında həll edilməlidir. Ermənistan Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazisinin 20 faizinin işğalını davam etdirir. Danışıqların mahiyyət və formatını məhv etməyə çalışan Ermənistanın baş nazirinin dediyinin əksi olaraq, Dağlıq Qarabağ Ermənistan deyil, Dağlıq Qarabağ Azərbaycandır və bütün dünya bunu belə tanıyır. Azərbaycanın ərazi bütövlüyü bərpa olunmalıdır.
Ermənistanın baş naziri Nikol Paşinyan isə Avropa İnsan Hüquqları Məhkəməsinin son qərarını tamamilə saxtalaşdırılmış formada təqdim edərək bu qərarda guya Azərbaycanın öz ərazisində ermənilərə qarşı irqçi siyasət həyata keçirdiyinin əks olunduğunu iddia edib, Ramil Səfərovun Azərbaycana ekstradisiyası və onun ölkəsində qəhrəman kimi qəbul olunmasından narazılığını bildirib.
Nikol Paşinyan - Ermənistanın baş naziri: Bu yaxınlarda Avropa İnsan Hüquqları Məhkəməsi qərar verib ki, Azərbaycan öz ərazisində ermənilərə qarşı irqçı siyasət həyata keçirib. Ermənini yatarkən balta ilə qətlə yetirmiş və Avropa İttifaqına üzv dövlətin məhkəməsi tərəfindən ömürlük həbs cəzasına məhkum edilmiş Azərbaycan vətəndaşı həmin ölkədən ekstradisiya ediləndən sonra cənab Əliyev tərəfindən əfv olunmuşdur. Bu şəxs Azərbaycanda hər kəs tərəfindən qəhrəman kimi vəsf edilir. Dağlıq Qarabağ erməniləri balta ilə qətlə yetirilməmək üçün özünümüdafiə hüququna malikdir.
Prezident İlham Əliyev özünü yalan və saxtakarlıqda ifşa edən Paşinyana erməni terrorçularının törətdiklərini xatırladaraq Karapetyanla bağlı məsələyə toxunub.
İlham Əliyev - Azərbaycan Respublikasının Prezidenti: Birincisi, bu, hər kəsə bəlli olan bir faktdır ki, Ermənistan Azərbaycanın ərazisini işğal edib. İkincisi isə Ermənistanın baş nazirinə irqçilik haqqında danışmağı məsləhət görməzdim, çünki erməni terrorçuları dünyaca məşhurdurlar. Parisin Orli hava limanında terror hadisəsi törədən Karapetyan soyadlı şəxs sonradan Ermənistana ekstradisiya edilib və Ermənistan prezidenti tərəfindən əfv olunub. Məhz buna görə belə məsələlər ətrafında müzakirə gedəndə ona sakit oturmağı tövsiyə edərdim.
Dövlət başçısı vurğulayıb ki, işğala və humanitar fəlakətə baxmayaraq, Azərbaycan sosial-iqtisadi inkişafda böyük nəticələr əldə edib. Ölkəmizdə koronavirus pandemiyasına qarşı görülən tədbirlər vəziyyəti nəzarətdə, itkiləri isə minimum səviyyədə saxlamağa imkan verib. Ümumdünya Səhiyyə Təşkilatı Azərbaycanı nümunəvi ölkə adlandırıb.
- Baxış: 323