Sərhəd Qoşunlarının “Göytəpə” sərhəd dəstəsinin Cəlilabad rayonunun Kürünc kəndi yaxınlığındakı sərhəd zastavasının xidməti ərazisində 3 naməlum şəxsin İrandan Azərbaycan istiqamətində dövlət sərhədini pozması aşkar olunub. Sərhəd pozucularının silah və gecə görmə cihazları ilə silahlanması, onlardan birinin üzərində içərisində narkotik vasitə olması ehtimal edilən 1 ədəd böyük kisədə yük müşahidə edilib.Sərhəd naryadı tərəfindən “Dayan” əmri verilərək havaya xəbərdarlıq atəşi açılıb. Lakin sərhəd pozucuları avtomat silahdan və “Vinçester” tipli tüfəngdən atəş açaraq sərhədçilərin həyatına qəsd ediblər.Qanunun tələblərinə uyğun olaraq silah tətbiq olunub, sərhəd pozucularından biri güllə yarası alıb və İran ərazisinə qaçmaq məqsədilə “Bolqarçay”ı keçərkən suda ölüb. Onun cəsədi İran sərhədçiləri tərəfindən sudan çıxarılıb. Digər sərhəd pozucuları ərazinin sıx meşəlik, hava şəraitinin qaranlıq olmasından istifadə edərək geri qaçıb və İran sərhədçiləri tərəfindən öz ərazilərində saxlanılıb. Zəruri əməliyyat-istintaq tədbirləri davam etdirilir.
- Baxış: 1514