Göygöldə kənd evləri turist qəbuluna hazır olsa da hələ ki, mövcud vəziyyət tələbatı formalaşdırmayıb. Yəni, hazır vəziyyətdə olan evlər kitayəşinləri gözləyir. Təbiət qoynunda istirahət etmək üçün bu ilki qiymətlər də münasib olsa da yerli və xarici turistlərin bölgəyə axını müşahidə olunmur. Koronavirus epidemiyası buradan da yan keçməyib. Ətraflı Valeh Anaroğlunun materialında.
Yay mövsümü başlar-başlamaz "Hharada istirahət edəcəyik?" sualı da düşündürməyə başlayır. Düzdür hazırki dövrdə istirahət etmək üçün plan quran, gedəcəyi yeri müəyyənləşdirənlərin sayı çox olmasa da "Heç olmasa təbiət qoynunda günümüzü keçirək" kimi fikirlərə düşənlər də var.
Nizami Babayev - sakin: Mən şəxsən üstünlük verirəm dağ evlərində gedib dincəlməyə, təmiz hava almağa. Seçim edərkən, estetik şəraitdən tutmuş hər bir şəraitə fikir verirəm ki, yaxşı olsun, keyfiyyətli olsun. Dincəlməyə imkan verən məkan olsun. Koronavirusla əlaqədar dincəlmək, elə də önəmli deyil. Azacıq cəmiyyətdən izolyasiya olunub, dağlara getmək lazımdır. Virusdan bir balaca uzaq olmaq lazımdır.
Valeh Hüseynov - sakin: Yaxşı istirahət maddi vəziyyətdən asılıdır. Evdə də, kənarda da keçirə bilmək üçün. Şimal bölgəsinə, Cənuba, hələ Gədəbəyə getmək daha yaxşıdır. Ən qənaətlisi kirayə evlərdi.
Ölkədə mövcud karantin rejimi iyun ayının sonuna qədər davam etsə də, kəndlərdə yaşayan insanlar az da olsa öz tədarükünü görüb. Mövsümlə əlaqədar olaraq Göygölün istirahət etmk üçün ad çıxaran kəndlərində kirayə ev verənlər də fəallaşıb.
Samir Yüzbaşıyev - sakin: Bizim kəndimiz səfalı kənddir. Hər il bura Azərbaycanın müxtəlif bölgələrindən dincəlməyə gəlirlər. Bu il də mövsüm artıq başlanıb. Yavaş-yavaş insanlar gəlirlər. Evlər burada əsasən həyət evləridir. Qiymətlər də, baxır evlərin şəraitinə, ev sahibinin olub-olmaması ilə bağlı fərqlidir. Günlük 20 manatdan başlayır, 50 manata kimi. Mövsümi də evin şəraitindən asılı olaraq 500-1000 manat arası dəyişir. Aylıq 300-400 manat arası dəyişir.
Firdus Qasımov - sakin: Ümumiyyətlə burada insanlar evini kirayə verməyə maraqlıdır. Ona görə verirlər ki, bunlar kənd təsərrüfatı məhsulları da istehsal edirlər. Toyuq-cücə saxlayırlar. Kərə yağı, nehrə yağı istehsal edirlər. Gələnlərə də onu satırlar. Bu da onların qazancına müsbət təsir göstərir.
Eltun Zərgərov - sakin: Yay aylarında havanın sərin olduğuna görə, kəndimizin səfalı yer olduğuna görə şəhərdən gəlib burada kirayədə yaşayırlar. Camaatın yaşayışına müsbət təsir göstərir. Bizim kəndin sakitliyinə, mənzərəsinə, xüsusən də Kəpəz mənzərəli olduğuna görə, Göygölə yaxın olduğuna görə çox üstünlük verirlər.
Lakin həftə sonları, "Bir günlük də olsa havamı dəyişim" deyənlər isə üz tuturlar rayon ərazisində ki istirahət mərkəzlərinə.
İsti yay mövsümünün gəlməsi ilə əlaqədar olaraq, insanların ən çox üz tutduğu məkanlardan biri də dağlıq ərazilərdə yerləşən ailəvi istirahət məkanlarıdır. Koronavirus epidemiyası ilə bağlı olaraq insanlar istirahətdən çox sağlamlığını düşündüyü üçün istirahət zonalarında hal-hazırda kütləvilik müşahidə olunmur.
Mövsümün əvvəlli olmasından irəli gələrək və Gəncəyə giriş-çıxışla bağlı tətbiq edilən məhdudiyyət istirahət mərkəzlərinə üz tutanların sayına da təsirsiz ötüşməyib. Düzdür, ətraf rayonlardan gələnlər var, amma kütləvilik yaşanmır. Digər tərəfdən də ara məsafəsinin gözlənilməsi ilə bağlı tələb də qonaq qəbulu imkanlarını azaldıb.
Elgün Həsənli - inzibatçı: Əsas təmizlikdir. Əlcək, maska hər bir işçimizdə var. Bacardığımız qədər gigiyenik normalara diqqət edirik. İnsanlar az-az gəlir, kütləvilik müşahidə olunmur. Tələbat əsasən kabablaradır. Yəni müştərilərimizə əsasən bu məhsulları təqdim edirik. Əvvəlcədən soyuq qəlyənaltılar da təqdim edirik. Ortalama 3-4 nəfərin yemək yeməyi 25-30 manata gəlib çıxır. Musiqiçilər də müştərilərə xidmət edir. Onların könlünü xoş etmək üçün ifalar edirlər. Yəni bu kimi xidmətlər də var.
Vüqar Zeynalov - inzibatçı: İyun ayının 1-dən başlamışıq. Müştərilər də yavaş-yavaş gəlirlər. Pandemiya olmasına baxmayaraq gəlib-gedənlər var. Yay mövsümi ilə əlaqədar olaraq, gəlib-gedənləri 10 nəfərdən artıq qəbul etmirik. Kupelərimiz də aralıdır. İşçilərimiz də qoruyucu vasitələrlə təmin olunub. Koronavirus olduğu üçün qiymətlərə də endirim etmişik ki, insanlar yeməkxanalara, Hacıkənd tərəflərə daha çox gəlsinlər. Kabablar 4 manatdan, soyuq qəlyənaltıları, çörəkləri də 1 manatdan təklif edirik.
Dağlıq relyefə, səfalı təbiətə malik, saysız-hesabsız bulaqları olan Göygöl rayonu minlərlə turist qəbul edə bilər. Amma real qonaqları Gəncə şəhərindən olan kəndlilər və iaşə xidməti göstərən ictimai obyektlər bu sarıdan çətinlik çəkir desək yanılmarıq. Ümid qalır situasiyanın tezliklə düzələcəyinə.
Valeh Anaroğlu
- Baxış: 728