Ötən həftənin sonuna tətbiq olunan sərt karantin rejimi bu dəfə bazar və 1-ci günə təsadüf edəcək. Əfsuslar olsun ki, 2 günlük olmasına rəğmən bəziləri bu qadağanı dözülməz hesab edir, vaxtın keçmədiyini düşünürlər. Psixoloqlar isə məsələyə əks mövqedən yanaşıb, evdə qalmağın müsbət hal olduğunu qeyd edirlər. Evdən çıxmamağın üstünlükləri barədə əməkdaşımız Nazənin Zaman danışacaq.
Yarımçıq işlərimizi həll edirik. Amma əsas odur ailəmizlə birlikdə vaxt keçiririk. Belə pis deyil, uşaqlarla vaxt tez keçir. ; Evdə qalacağıq, dövlətimizin bu addımını dəstəkləyirəm. Özüm fotoqrafam, bitimədiyim işlər var, 2 gün ərzində onları yekunlaşdıracam.
Sərt karantin rejimi müəyyən səbəblərdən dolayı, ailəsinə, özünə zaman ayıra bilməyənlər üçün sözün əsl mənasında fürsətdir. Amma mövcud günləri məhsuldar keçirməyə hazırlaşanlardan fərqli olaraq, bəziləri bu müddəti necə dəyərləndirəcəyini hələ də bilmir.
Aygün Babayeva - psixoloq: Bəzi insanlar evdə vaxtın sıxıcı keçməsindən şikayətlənir. Ailəlilər həyat yoldaşları, övladları ilə vaxt keçirsin. Ev işləri ilə məşğul olsunlar. Uşaqlarıyla birlikdə film izləsinlər, oyunlar oynasınlar, ünsiyyət qursunlar.
2 günlük müddət ərzində hərəkətsiz qalmadan, sevdiyimiz işlərlə məşğul olmaq ən doğrusudur. Lakin depressiv vəziyyətə düşməmək üçün psixoloji cəhətdən buna hazırlıqlı olmaq da vacib şərtdir.
Aygün Babayeva - psixoloq: Pandemiya vaxtı karantin elan olunanda hər bir insan düşünməlidir, beyni ilə buna adaptasiya olmalıdır. Onun müvəqqəti olduğunu, hər şeyin keçib gedəcəyini fikirləşməlidir. Ailədaxili münasibətlərə xüsusi diqqət etmək, bir-birinə xoş sözlər deyib, mehribanlıq yaratmaq lazımdır. Hər bir şey zehində, beyində formalaşır. Öz gələcəyi üçün, ailəsinin, özünün sağlamlığı üçün karantin qaydalarına əməl etməlidir.
Nəticə etibarı ilə, evdə qalmağın da müəyyən üstünlükləri var. Mövcud vəziyyəti fürsətə çevirmək öz əlimizdədir. Yetər ki, bunun biz vətəndaşların sağlamlığı üçün vacib olduğunu unutmayaq.
- Baxış: 273