• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 929
— 08.06.2020 19:50

Həftəiçi buraxılış imtahanları

KepezTV Player

Xüsusi karantin rejiminin sərtləşdirilməsi ilə bağlı tətbiq olunan məhdudiyyətlər imtahan tarixlərinə də təsirsiz ötüşmədi. İyunun 6-da və 7-də keçirilməsi planlaşdırılan buraxılış imtahanları 10 və 11 iyuna dəyişildi. Beləliklə, imtahan prosesi ilk dəfə həftəiçi günlərə təsadüf etdi. Amma mövcud yeniliklər bununla yekunlaşmır. Abituriyent və şagirdlər, ekrana bir az da yaxın əyləşin. Çünki bu ilki buraxılış imtahanlarında ilk dəfə tətbiq olunacaq yeni qaydalar da var.

Nəsimi Məmmədov - DİM-in Gəncə Regional Bölməsinin müdiri: Nazirlər Kabineti yanında Operativ Qəraragahın və Dövlət İmtahan Mərkəzi, Təhsil Nazirliyinin birgə qərarına əsasən, hər bir imtahan binasına əvvəllər 500-600 nəfər buraxılırdısa, artıq 250 nəfərdən artıq şagirdin buraxılmasına icazə verilmir. Hər bir zalda, tək-tək 15 nəfərdən artıq olmamaq şərtilə şagirdlərin yerləşməsinə şərait yaradılacaq. Onlar məktəbə gələrkən temperaturu ölçüləcək və əlləri dezinfeksiya olunduqdan sonra otaqlarda oturması təmin ediləcək.

Sözügedən imtahan prosesində respublika üzrə ümumilikdə, 200 mindən artıq 9 və 11-cilər iştirak edəcək. Bu il şagird və abituriyentlər imtahanda iştirak üçün buraxılış vərəqəsi, şəxsiyyəti təsdiq edən vəsiqədən başqa, pandemiya ilə bağlı müvafiq bəyannaməni də təqdim etməlidirlər.

Əliağa Səfərəliyev - 4 nömrəli məktəb-liseyin direktoru: Şagirdlərin məktəbə maska ilə daxil olmasına nəzarət ediləcək. Məktəbin həyətində məsafə gözlənilməsi ilə bağlı xətləşdirilmə işləri aparılıb, şagirdlərarası məsafə 2 metrdən az olmamalıdır. Ümid edirəm ki, bu imtahan prosesləri uğurla başa çatacaq.

Buraxılış imtahanları bu həftə qərb bölgəsində Göygöl, Goranboy, Daşkəsən, Mingəçevir, Samux və Naftalanda baş tutacaq. Proses mərhələli şəkildə həyata keçiriləcək, müvafiq rayonlar üzrə imtahanda iştirak edən 9-cuları gələn həftə həmin rayon üzrə 11-cilər əvəz edəcək.

Nəsimi Məmmədov - DİM-in Gəncə Regional Bölməsinin müdiri: Koronavirus infeksiyasının yayılması ilə bağlı riskli bölgə olduğu üçün Gəncə, Bakı, Abşeron, Sumqayıt, Lənkəranın buraxılş imtahanları ən sonda keçiriləcək. Gəncədə buraxılış imtahanlarının iyun ayının 20-dən sonra keçirilməsi müəyyənləşib. Əvvəlki illərdə Gəncə şəhərində buraxılış imtahanları 1 gündə keçirilirdisə, 8 binadan istifadə olunurdusa artıq ən azı 20 binadan istifadə olunacaq və 2 gün müddətində həyata keçiriləcək.

Buraxılış imtahanlarının təxminən iyunun sonu, iyulun əvvəlinədək yekunlaşdırılacağı planlaşdırılır. Proses ümumtəhsil müəssisələrinin 9 və 11-cı sinifləri, eləcə də başqa dildə təhsil alan şagirdlər üçün nəzərdə tutulub. Həmçinin, orta ixtisas təhsil müəssiələrinə sənəd verən əvvəlki ilin məzunlarını əhatə edir. Hansısa ali təhsil müəssisəsinə sənəd qəbulunda iştirak etməyən, ali və ya orta ixtisas təhsil müəssisələrinə qəbul olmaq istəməyənlər buraxılış imtahanında iştirakdan imtina edə bilərlər. Üzrlü səbəbdən imtahanda iştirak etməyənlər üçün DİM tərəfindən sentyabr ayında təkrar imtahan keçiriləcək.