Məlum olduğu kimi koronavirus pandemiyası ilə əlaqədar həftəsonu – yəni şənbə və bazar günləri bir çox idarə və müəssisələrdə iş rejimi tam şəkildə məhdudlaşdırılıb. Ancaq bəzi sahələri var ki, orada az da olsa iş fəaliyyəti davam edəcək. Buna kommunal xidmət də daxildir.
Küçəyə çıxma qadağası tətbiq ediləcək şəhərlər sırasında yer alan Gəncədə mənzil kommunal təsərrüfat istehsalat birliyinin fəaliyyəti dayanmayacaq. Ölkənin ikinci böyük şəhərinin ayrı-ayrı ərazilərində əhaliyə xidmət göstərəcək qurumun texnikası və işçi qüvvəsi məhdud sayda da olsa öz işinin başında olacaq. Müəssisədə 100-dən çox müxtəlif təyinatlı texnika var ki, şənbə və bazar günü həmin texnikaların yarısı işə cəlb ediləcək.
Vüsal Balayev - MKTİB-nin mətbuat katibi: Operativ qərargahın son qərarına uyğun olaraq MKTİB-nin əməkdaşları şənbə və bazar günü iş qrafikinə əsasən vəzifə borclarını yerinə yetirəcəklər. İdarəinin qəza bərpa xidməti və təmizlik şöbələri məhdud şəkildə fəaliyyət göstərəcək. Əgər fövqəladə hal baş verərsə, qarajın texnikası əməkdaşlarla birlikdə hadisə baş verən əraziyə getməli və dərhal işlərini görməlidirlər.
Eləcə də idarənin nəzdində fəaliyyət göstərən yaşıllaşdırma və qəza xidməti də iş planına uyğun olaraq növbəlilik əsasında çalışacaq. Suvarma üçün 15, ağacların budanmasına görə isə 5 texnikası olan şöbənin əməkdaşları tərtib edilmiş qrafikə əsasən işdə olacaqlar.
Rasim Əlirzayev - Yaşıllaşdırma şöbəsinin briqadiri: MKTİB-nin yaşıllaşdırma şöbəsində Gəncə şəhərində qazonların suvarılması və digər işlər rəhbərliyin proqramına əsasən qurulub. Şənbə və bazar günləri bizim şöbə də əlavə işçi qüvvəsi işə çağırılıb. Növbəli şəkildə bütün işlərimizi həyata keçiririk. İşimizi elə qurmuşuq ki, məhdud sayda işçi qüvvəsi işə çıxardacağıq.
Mənzil kommunal təsərrüfat istehsalat birliyi pandemiya dövründə də gücləndirilmiş iş rejimində fəaliyyət göstərib.
- Baxış: 1040