Sabahdan fəaliyyəti məhdudlaşdırılacaq obyektlər sırasında mağazalar da var. Bununla bağlı insanlar marketlərə axını müşahidə edilsə də sıxlıq və panika yaşanmır. Elə piştaxtalarda qıtlıq da müşahidə edilmir. Apardığımız müşahidələr belə deməyə əsas verir.
Dolu-boşalan piştaxtalar, kassalarda növbələr, məhsulla dolu səbətlər. Gəncədə fəaliyyət göstərən mağazalarda kütləvilik müşahidə olunur. Yəni alış-veriş öz axarında davam edir. Bu onu deməyə əsas verir ki, istehlakçılar istədikləri məhsulları mağazalardan əldə etməkdə çətinlik çəkmirlər.
Məlyekə Əhmədova - sakin: Evdə ən çox istifadə olunan məhsullar toyuq əti, yağ, çay düyüdür. Gəlmişik ki, bazarlıq edək evə qoyaq ki, evdə qalaq.
Elvin Bəkirov - sakin: Gündəlik qida məhsullarıdır. Əsas çörəkdir, şəkər tozudur, çaydır. Bunlardan başqa elə bir tədbir görməmişəm. İki günlük bağlanmaya görə ajiotaj yaratmağa ehtiyac yoxdur. Sadəcə iki günlük çörək, oda 2-3 ədəd ola bilər. Bir az makaron, bir az qarabaşaq yarması kifayət edəcək.
Leyla Əsədova - sakin: Çörəyimizi almışıq. Nəvələrimiz üçün müəyyən məhsullar, pampers almışıq ki, indi çıxa bilməyəcəyik. Yəni evə lazım olan şeylər.
Satışla məşğul olan şəxslər səhər saatlarından etibarən müraciətin çox olduğunu deyir. Buna baxmayaraq, hər şeyin qaydasında olduğunu, anbarlarda kifayət qədər məhsulun mövcudluğunu, ərzaq probleminin yaşanmadığını bildirdilər.
Özal Hüseynli - mağaza müdiri: Stoklarımız hamısı qaydasındadır. İnsanlar əsasən un məmulatlarına üstünlük verirlər. Çörək, makaron, düyü və digər məhsullara, meyvə-tərəvəzə üstünlük verirlər. Kifayət qədər məhsullarımız var. Dünənki tarixdən etibarən satışımızda yüksəlmələr var. Həftənin birinci günündən tam tərkibdə fəaliyyət göstərəcəyik.
Elvin Babayev - inzibatçı: Karantin rejiminin sərtləşdirilməsi ilə əlaqədar olaraq, dünən axşam saatlarından etibarən mağazamızda kütləvi axın müşahidə olundu. Gündəlik tələbat mallarına, şəkər tozu, şəkər, un, yağ kimi məhsullara tələbat artıb. Mal təminatı ilə bağlı heç bir sıxıntımız yoxdur. Stokumuz yetərincə var. Digər çatışmayan məhsullarla bağlı sifariş də vermişik.
Pərviz Məmmədzadə - inzibatçı: Mağazamızda yetərincə müştəri sıxlığı var. Tələbat əsasən çörəyə, yumurtaya, makarona və digər çeşiddə olan məhsullaradır. Əsas sadaladığım çeşidlərə böyük maraq var. Səhər tezdən müştərilərin müraciəti əsasən bu istiqamətdədir. Anbarımızda yetərincə məhsul var. Müştəri sıxlığı müşahidə olunsa da, müştərilərimizə xidmət göstərməyə çalışırıq.
Görünən odur ki, iki günlük qadağa ilə bağlı ciddi ərzaq çatışmazlığının müşahidə ediləcəyi gözlənilmir. Ərzaq qıtlığı ilə bağlı panikanın yaranmaması da müsbət haldır.
Valeh Anaroğlu
- Baxış: 1439