Nazirlər Kabinetinin Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərlərinin və Abşeron rayonunun ərazisində xüsusi karantin rejiminin sərtləşdirilməsi ilə bağlı əlavə tədbirlər barədə müvafiq Qərarına əsasən icaze.e-gov.az portalının faaliyyəti yenidən aktivləşdirilib. Bu gecə saat 12 dən 8 iyun saat 6-dək məhdudiyyətlərin tətbiq edildiyi müddətdə fəaliyyətinə icazə verilən iş və xidmət sahələrində işləyən şəxslərin hərəkətinə işəgötürən tərəfindən həmin şəxslər barədə məlumatlar elektron imzadan istifadə edilməklə icaze.e-gov.az portalına daxil edildikdən sonra yol verilir.
İkigünlük məhdudiyyət zamanı polis əvvəlki kimi gücləndirilmiş iş rejimində çalışacaq.Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev deyib ki, məhdudiyyət qərarı dövründə xüsusi avtomobilindən istifadə edən şəxs qanunvericiliyin tələbinə uyğun məsuliyyətə cəlb olunacaq. İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsinin tələblərinə uyğun olaraq fiziki şəxslər yüz manatdan iki yüz manatadək, vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək cərimə ediləcək, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs, hüquqi şəxslər iki min manatdan beş min manatadək məbləğdə cərimə edilə bilər.
- Baxış: 267