Azərbaycanda 28 May - Respublika Günü qeyd olunur.Prezident İlham Əliyev Azərbaycan Xalq Cümhuriyyətinin şərəfinə Bakının İstiqlaliyyət küçəsində ucaldılan abidəni ziyarət edib. Dövlət başçısı abidənin önünə gül dəstəsi qoyub.
1917-ci ildə Rusiyada baş vermiş inqilab nəticəsində Romanovlar sülaləsinə son qoyuldu. Nəticədə Rus İmperiyası dağıldı. Xalqlar öz müqəddəratlarını özləri həll etməli oldular. Bu imkandan istifadə edərək 1918-ci il mayın 28-də Azərbaycanın milli qayəli, milli təfəkkürlü övladları Azərbaycan Xalq Cümhuriyyətini elan etdilər. Azərbaycan Xalq Cümhuriyyəti təkcə Azərbaycanda deyil, bütün Şərqdə ilk demokratik respublika idi. Bu, respublika parlamentli dövlət idi. Onun dövlət atributları - bayrağı, himni, gerbi qəbul edildi. Üçrəngli bayraqda türkçülük, islamçılıq və avropalaşmaq bir vəhdətdə idi.
Ancaq Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 ay yaşaya bildi. 1920-ci il aprelin 28-də bolşeviklərin 11-ci ordusu Azərbaycanı işğal etdi və respublika süquta uğradı. Respublika Günü 1990-cı ildən dövlət bayramı kimi qeyd olunur. Əmək Məcəlləsinə görə, 28 may qeyri-iş günü elan edilib.
- Baxış: 401