Bir çox gənc kənd təsərrüfatı üzrə mütəxəssis olmaq istəyir, Aqrar Universitetdə bu peşəni seçmək istəyən gənclərin sayı artır. Prezident İlham Əliyev bu fikirləri “Signify” şirkətinin təşəbbüsü ilə baş tutan videokonfrans zamanı səsləndirib. Daha hansı məsələlərə toxunulub? Nələrdən danışılıb? Bunu süjetdən biləcəyik.
Kənd təsərrüfatında, o cümlədən heyvandarlıq, quşçuluq və əkinçilik sahələrində məhsuldarlığın əhəmiyyətli dərəcədə artırılması, ekoloji təmiz kənd təsərrüfatı məhsullarının istehsalı, su istehlakının azaldılması sahələrində əməkdaşlıq məsələlərinə toxunulub. Müasir texnologiyaların tətbiqi və bu işdə gənc kadrların hazırlanması müzakirə olunub.
İlham Əliyev Azərbaycan Respublikasının Prezidenti: Bu sahədə aparılan islahatlar sayəsində biz daha çox gəncin kənd təsərrüfatı üzrə mütəxəssis olmaq istədiyini və Aqrar Universitetdə bu peşəni seçmək istəyən gənclərin sayının artdığını görürük. Biz yeni elektron kənd təsərrüfatı sistemini həyata keçiririk. Bu, artıq bizə həyatımızın və iqtisadiyyatımızın mühüm sahəsinin səmərəliliyini artırmağa çox kömək edir. Çünki ölkə əhalisinin demək olar ki, 50 faizi kənd yerlərində yaşayır. Beləliklə, əminəm ki, bu, bizim birgə həyata keçirə biləcəyimiz çox mühüm yeni layihə ola bilər. Ümumilikdə, Azərbaycan yeni texnologiyalara, innovasiyalara hazırdır. Biz artıq bunun üçün əhəmiyyətli insan kapitalı yaratmışıq və bizim dövlət xidmətləri, sosial xidmətlərlə bağlı texnologiyalarımız bu gün bəzi başqa ölkələr tərəfindən istifadə olunur. Ona görə də biz yeni texnologiyalara tam açığıq, çünki onlar yeni miqyasa, dinamizmə, tərəqqiyə, iş yerlərinə və rifaha gətirib çıxarır.
"Biz bu virusla yaşamalı olacağıq"
“Signify” şirkətinin baş icraçı direktoru Erik Rondolat COVID-19 virusu ilə mübarizə sahəsində müasir texnologiyalar üzərində iş aparıldığını və bu sahədə ölkəmizlə əməkdaşlığa hazır olduğunu deyib. Dövlət başçısı virusun bütün ölkərə göstərdiyi təsirdən danışaraq vurğulayıb ki, vuris yoxa çıxmayacaq, biz bu virusla yaşamalı olacağıq.
İlham Əliyev Azərbaycan Respublikasının Prezidenti: Ona görə də düşünürəm ki, bu ehtiyat tədbirləri, əlbəttə, artıq bizim həyatımıza çox uzun müddətə daxil olub. Bu səbəbdən də bizim müasir, ən mürəkkəb texnoloji tələblərə cavab verən qabaqlayıcı vasitələrə ehtiyacımız var. Biz insanlarımızı qorumaq üçün əlimizdən gələni edirik. Lap əvvəldən biz çox mühüm qabaqlayıcı tədbirlər gördük, bu da bizə insanlarımızı qorumağa və minimum itki ilə bu vəziyyətdən çıxmaq üçün yol tapmağa imkan verdi. Bizim səylərimiz Azərbaycanı koronavirusa qarşı mübarizədə nümunə adlandıran Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən də qiymətləndirilib.
Bakı və digər şəhərlərin işıqlandırılması layihəsindən də danışılıb və layihənin birinci mərhələdə böyük şəhərləri əhatə edəcəyi diqqətə çatdırılıb.
- Baxış: 230