Ölkədə tətbiq olunan məhdudiyyətlərin bir qisminin yumşaldılması nəticəsində bir sıra sahələr fəaliyyətini bərpa edib. Əməkdaşımız Valeh Anaroğlu yumşaldılmanın ilk günündə ölkənin ikinci böyük şəhəri Gəncədə fəaliyyətini bərpa edən məkanların, sakinlərin məsələyə yanaşmasını öyrənib. Gətirək həmin materialı ekranlara.
Karantin rejiminin yumşaldılması ilə əlaqədar olaraq Gəncənin istirahət məkanlarında canlanma müşahidə olunur. Yaşı 65-dən yuxarı olan şəhər sakinlərinin əsas müraciət etdiyi istirahət məkanlardan biri də parklardır. ((K/A)) Nazirlər Kabineti yanında Operativ Qərargahın xüsusi karantin rejimi çərçivəsində tətbiq edilən məhdudiyyətlərin daha bir qisminin yumşaldılması ilə bağlı qərarı ilə əlaqədar olaraq Gəncədə canlanma müşahidə olunur. Şəhər sakinləri fürsətdən istifadə edərək istirahət məkanlarına üz tutur. Qərardan ən çox sevinənlər isə yaşlı şəhər sakinləridir. Yaşı 65-dən yuxarı olanların evdən çıxmasına qoyulan qadağanın ləğvinə sevinən yaşlı nəslin nümayəndələri ehtiyat tədbirlərinin də əldən verilməməsinin tərəfdarıdırlar.
Səkinə Məmmədova - sakin: Dərman almağa getmişdim, indi də evimə qayıdıram. Allah gənclərimizə, ökə başçımıza can sağlığı versin. Bu xəstəlik də tezliklə üstümüzdən götürülsün. Nə deyə bilərəm ki, qoy dünyamız düzəlsin. 2-3 aydı evdə idik, vallah artıq darıxırdıq.
Ələddin Hüseynov - sakin: Karantinin ləğv olunması, əlbəttə yaşlı sakin olaraq məni çox sevindirdi. 65 yaşım var. Yumşaldılma ilə əlaqədar olaraq gəlmişəm parka, dincəlmişəm. İki aydır evdən çıxa bilmirdik, indi çıxmışıq gəzirik, hava alırıq, dincəlirik.
Fərhad Həsənov - sakin: 88 yaşım var. Karantin rejimi yumşaldıldığına görə gəlib yoldaşlarnan parkda oturub, istirahət edirik.
Zaur Zeynalov - sakin: 83 yaşım var. Karantin rejimi yumşaldılıb düzdü, ancaq bu xalqdan asılıdır. Xalqdan asılıdır ki, riayət etmək lazımdır. Maska taxmaq lazımdır, ara məsafəsini saxlamaq lazımdır. Bununla da bəlkə sağlamlığı yarada bildik.
Bu gündən etibarən restoran, kafe, çayxanalar, eləcə də bütün ictimai iaşə məkanlarında müştərilərə yerində xidmətin bərpa edilməsi də canlanmanı artırıb. Belə məkanlarda xüsusən də sanitar-gigiyenik normalara riayət olunması diqqət mərkəzindədir.
Yavuz Mirzəyev - sakin: Evdə darıxdığımıza görə bayıra çıxdıq. Kafeyə müraciət etdik. Sanitar normalardan da məmnunuq. Bayıra da çıxanda, maskalarımız üzərimizdədir, istifadə edirik. Küçələrdə maskasız gəzmirik. Gəzənlərdən də narahat oluruq.
Mustafa Rəfiyev - kafe sahibi: Bu gündən etibarən artıq biz fəaliyyətdəyik.Səhər saat 9-dan axşam saat 18-a qədər işləyirik. Ümid edirik ki, tezliklə normal iş qrafikini tətbiq edəcəyik. İstəyimiz budur ki, gələn müştərilərimiz, ölkəmizin, şəhərimizin sakinləri, əhali özünü qorumağa davam etsin. Maska və əlcəklərdən müntəzəm olaraq istifadə etsin. İşçilərimiz operativ qərargahın verdiyi bütün qərarlarlara, qaydalara riayət edir. Hamımız maska və əlcəklə fəaliyyətimizə davam edirik. İstifadə olunan bütün bardaqlar sterelizə edilir.
Simur Ələsgərov - restoran sahibi: Biz gigiyenaya hər zaman olduğu kimi diqqət edirik. Mətbəxdə, xidmət sektorunda olan personalımız birinci növbədə bu məsələdə diqqətlidir. Müştəri potensialı baxımından da demək istərdim ki, aktivlik yoxdur. Fəallıq müşahidə olunmur.
Kafe və restoranlarda sanitar-gigiyenik normalara riayət olunsa da, insanların ən çox müraciət etdiyi məkanlardan biri kafe və restoranlar deyil.
Bu günün həm də, “Beynəlxalq Muzeylər Günü” kimi qeyd olunması muzey ziyarətçilərinin sevincinə sevinc qatıb desək yanılmarıq. Karantin rejiminin yumşaldılmasını fürsət bilən ziyarətçilər belə məkanlara üz tutub. Üz tutduğumuz Mir Cəlal Paşayevin ev muzeyində çalışan əməkdaşlar təhlükəsizlik qaydalarına riayət etmək şərti ilə fəaliyyətlərini bərpa ediblər. Bundan başqa əlamətdar gün münasibətilə muzeydə yenilik edilib. Ziyarətçilər üçün virtual ekskursiya təşkil olunub.
Fidan İbayeva - ziyarətçi: Asudə vaxtımı səmərəli dəyərləndirmək üçün Mir Cəlal Paşayevin ev muzeyinə gəldim. Yazıçının həyat və yaradıcılığı ilə yaxından tanış oldum.
İradə İbayeva - muzey direktoru: 18 May bizim üçün ikiqat bayram oldu.Çünki həm beynəlxalq muzeylər günü, həm də pandemiya ilə əlaqədar yumşaldılma oldu.Muzey işçiləri olaraq biz işimizi bərpa etmişik.Bu gün münasibətilə bizim də yeniliyimiz oldu, yəni bu münasibətlə biz də sosial şəbəkə səhifələrimizdə canlı virtual sərgi, ekskursiya nümayişi edəcəyik.
Tətbiq olunan məhdudiyyətlərin bir qisminin yumşaldılması heç də o anlama gəlməli deyil ki, Azərbaycanda virus artıq bitib. Ölkəmizdə əhalinin neçə faizinin virusa yoluxmasından asılı olmayaraq, deyilən vacib məqamlara, ən önəmlisi, məsafənin saxlanılması və maskalardan istifadəyə əməl etməli, gigiyenik məsələlərə həssas yanaşmalıdır.
Valeh Anaroğlu
- Baxış: 808