• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1488
— 16.05.2020 20:25

Dövlətin puluna, əhalinin sovqatına göz dikənlər - DTX-nın anti-korrupsiya əməliyyatları

KepezTV Player

Modern dövlət, rifahı yüksəldilən vətəndaş, dinamik hökumət modeli. Görünən odur ki, Azərbaycan siyasi, sosial-iqtisadi, hüquqi və mənəvi-psixoloji cəhətdən yeni görkəm alır. Amma aparılan islahatlarla kəskin ziddiyyətdə olan məmur faktoru hələ də mövcudluğunu davam etdirir. Ələxsus da “dünya”mızın virusa yoluxduğu, insanların öz kiçik dünyalarına çəkilib, həyatlarını evə sığdırdığı bir dönəmdə. Lider-xalq birliyinin təcəssümü olan yaşadığımız dövrdə məzlumun haqqını yeyənlər, harama bulaşanların çirkin əməllərinin bumeranq effekti yaratmaqla özlərinə qarşı çevrildiyinin şahidi oluruq. Dövlət başçısının da dediyi kimi, belələri onsuz da heç vaxt cəzadan qaça bilməyəcəklər.

İlham Əliyev Azərbaycan Respublikasının Prezidenti: Hər addım cinayət, hər addım rüşvət. Buna son qoyulacaq! Heç kimdə şübhə olmasın! Bizim iradəmiz möhkəmdir, heç kim bizim iradəmizə təsir edə bilməz. Xalq da cinayətkarları, rüşvətxorları, gözü doymayanları yox, bizi dəstəkləyir. Mən bu dəstəyi hər gün hiss edirəm. Mən, eyni zamanda, demişdim ki, xoşagəlməz hallar təkcə yerli icra orqanlarında deyil, mərkəzi icra orqanlarında da var, siqnallar var, məlumatlar daxil olub. Demişdim, xəbərdarlıq etmişdim, əl çəkin bu işlərdən, əl çəkin! Hesab edirdilər ki, bunlara aid deyil. İndi isə bunun acı nəticələrini yaşayırlar.

Əbəs yerə deməyiblər: nəfs özbaşına, nəzarətsiz qaldıqda, sahibini insanlıq mərtəbəsindən endirər. Əsas məqsədləri xalqa xidmət yox, öz “dünya”larını doldurmaq, əsas həyat prinsipləri isə rüşvətxorluq olan “məmur”lar dövlətin vəsaitinə, kasıbın çörək puluna göz dikməklə, sahibkarlara fərdi “pul kisələri” kimi baxmaqla dövlət-vətəndaş münasibətlərini sarsıdırlar. Lakin modern dövlət “rüşvət və korrupsiya bataqlığı”nda çabalayan məmurları qəflət yuxusundan oyatmağın doğru yolunu dəqiq müəyyənləşdirib. Və təbii ki, ölkə prezidentin ünvanlı mesajlarından adekvat nəticə çıxartmayanlar cəzalandırılır. DTX-nın əməkdaşlarının keçirdiyi əməliyyatlar bunu açıq-aşkar göstərdi.

Bu gün Azərbaycanda korrupsiya və rüşvətxorluqla çox ciddi mübarizə aparılır, qara əməllər üçün üçün meydan həm inzibati yollarla, həm institusional üsullarla, həm də cəza tədbirləri ilə daraldılır. Təbii ki, “ASAN Xidmət”in yaradılmasıyla rüşvət sistemi sarsıdıldı. Dövlət-vətəndaş münasibətlərində “məmur körpüsü”nün əhəmiyyəti sıfıra yaxınlaşdırıldı. Ancaq bu proses hələ tam yekunlaşmayıb və hələ qət ediləcək yol var. Bunun üçün dövlət və vətəndaş birliyini məqsədyönlü şəkildə artırılmaqla əhaliyə zülm edən məmurlar, icra başçılarının sayını sıfıra endirmək hədəflənib. Dövlət büdcəsindən ayrılan maliyyə vəsaitini ciblərinə dürtüşdürənlərin, aztəminatlı şəxslər üçün nəzərdə tutulan yardımları mənimsəyənlərin sıralarını daraltmaq üçün.

Ağstafa, Yevlax, Neftçala, Biləsuvar, İmişli İcra hakimiyyətlərindən sonra Mədəniyyət Nazirliyi və DSX-da keçirilən əməliyyatlar isə onu göstərdi ki, hədəfdə həm də mərkəzi icra orqanlarıdır. Dövlət başçısının xəbərdarlıqları əslində, bu tədbirlərin davamlı olacağı gün kimi aydın etmişdi. Lakin görünür, qara dəliyə çevrilən nəfslərinin dibsiz qaranlığı bəzi “məmur”ların gözlərini o qədər tutub ki, gün kimi aydın olan reallığa da kor baxıblar. Digər tərəfdən həm yerli, həm də mərkəzi icra orqanlarında keçirilən əməliyyatlar korrupsiya və rüşvətin bir piramida halında mövcudluğunu, ötür-ötür sistemi ilə realizəsini də otraya qoymuş oldu.

Heç kimə sirr deyil ki, dövlətin mövcud idarəçilik ənənələri sürətlə yenilənir. Bu gün həyata keçirilən islahatların lazımi nəticələr verməsi üçün dövlət qurumları arasında sağlam münasibətlərin yaradılması istiqamətində tədbirlər görülür. Azərbaycanın idarəçilik sistemi hüquqi dövlət anlayışı ilə yanaşı, sosial dövlət modelinə çevrilmək istiqamətində atılan qətiyyətli və planlı addımların fonunda yenilənir. Bunu karantin rejiminin başlandığı ilk gündən aydın şəkildə sezmək olar. Nəticədə Azərbaycan vətəndaşı dövlətin onun yanında olduğunun şahidi oldu. Hədəflərə doğru etimadı doğruldanlar, vəzifənin məsuliyyətini başa düşüb, dövlətə və xalqa təmənnasız və vicdanla xidmət edənlər öz töhfələrini verməkdə davam edəcək, bu etimadı itirənlər isə təbii ki, özlərini təcrid etməklə layiqli cəzalarını alacaq. Budur Prezidentin idarəçilik sisteminin əsas mahiyyəti.

Qanunun aliliyi, vətəndaşın öz hüquqlarını bilməsi, xoşagəlməz hallara qarşı amansız mübarizə. Dövlət hər addımda göstərir ki, vətəndaşa yönələn siyasət dəyişməyib. Dəyişən uzun illərdir paslanan fikirlər və əməllərdir. Hansı ki, dövlətə və vətəndaşa qarşı məmur xəyanətində bunun şahidi oluruq. Ancaq cəmiyyətimizin əsaslarını sarsıdan belə şəxslər çirkin əməllərinə görə layiqli cəzalarını aldıqca xoşagəlməz ünsürlər sıralarımızı tərk edəcək və ədalət də zəfər çalacaq.