• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1442
— 16.05.2020 20:15

Baş Nazir xüsusi karantin rejimi ilə bağlı əlavə tədbirlər barədə qərar imzalayıb

KepezTV Player

Nazirlər Kabineti xüsusi karantin rejimi ilə bağlı əlavə tədbirlər müəyyən edib. Bununla bağlı Baş Nazir Əli Əsədov bu gün qərar imzalayıb.

Müəyyən edilib ki, 31 may saat 00:00-dək Azərbaycan ərazisində tətbiq edilən xüsusi karantin rejimi dövründə aşağıdakı məhdudiyyətlər qüvvəsini saxlayır və həmin məhdudiyyətlərdən başqa, digər iş, xidmət sahələrində və istiqamətlərdə fəaliyyətə icazə verilir:

- yük daşımaları istisna olmaqla, ölkə ərazisinə yerüstü və hava nəqliyyatı ilə giriş-çıxışın dayandırılması

- xüsusi təyinatlı, o cümlədən təcili tibbi yardım, qəza-bərpa, xilasedici, habelə yük daşıyan avtomobillərin hərəkəti istisna olmaqla, Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərlərinə və Abşeron rayonuna giriş-çıxış və ölkənin digər şəhər və rayonlarından yerustü və hava nəqliyyatı ilə sərnişin daşımalarının dayandırılması

- bütün təhsil müəssisələrində tədris, təlim-tərbiyə prosesinin dayandırılması;

Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərlərində və Abşeron rayonunda dövlət orqanlarında (qurumlarında) xüsusi iş rejimində işə cəlb edilən işçilərin say həddinin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən məhdudlaşdırılması

 "ASAN xidmət" və "DOST" mərkəzləri istisna olmaqla, digər dövlət orqanlarında vətəndaşların yerində qrup və fərdi qaydada qəbulunun dayandırılması;

- dəfn mərasimləri istisna olmaqla, dini ritual xidmətləri, eləcə də mərasim zallarında, çadırlarda və digər qapalı məkanlarda yas mərasimlərinin təşkili və keçirilməsinin qadağan olunması

- bütün kütləvi tədbirlərin, o cümlədən mədəni-idman tədbirlərinin keçirilməsinin dayandırılması;

- tədbirlərin təşkili üzrə xidmətlərin, o cümlədən bu sahədə müştərinin evində və ya digər məkanlarda ad günləri, toy, nişan və bu kimi mərasimlərin təşkilinin qadağan olunması;

- qrup halında fərdi tədris və repetitor xidmətlərinin (o cümlədən bu sahədə evlərdə xidmət) dayandırılması;

- ictimai yerlərdə, o cümlədən küçələrdə, bulvarlarda, parklarda və digər yerlərdə şəxslərin 10 nəfərdən artıq qruplarda cəmləşməsinin qadağan olunması;

- istirahət və əyləncə məkanlarının, həmçinin bulvar və parkların ərazisindəkilər də daxil olmaqla uşaq əyləncə məkanlarının fəaliyyətinin dayandırılması;

- muzey və sərgi zalları istisna olmaqla, digər mədəniyyət obyektlərinin, eləcə də kinoteatrların, teatrların, idman zallarının fəaliyyətinin dayandırılması;

- nəzdindəki ərzaq mağazaları, apteklər və müştəri ilə təmasda olmayan obyektlər istisna olmaqla, ölkə ərazisində iri ticarət mərkəzlərinin fəaliyyətinin dayandırılıması;

- ictimai iaşə obyektlərində qəlyan avadanlıqlarından istifadənin qadağan olunması;

- Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri və Abşeron rayonu üzrə ictimai iaşə məkanlarında, eləcə də restoran, kafe və çay evlərində bütün müştərilərə saat 18:00-dan 08:00-dək yerində xidmətin dayandırılması;

- tibb müəssisələrində müalicə alan şəxslərin xəstə yaxınları tərəfindən ziyarətinin qadağan edilməsi;

- idman, sağlamlıq-bərpa üzrə xidmətlərin dayandırılması (bu sahədə tibbi xidmətlər istisna olmaqla);

- masaj və hamam xidmətlərinin göstərilməsinin dayandırılması.

Qərar mayın 18-dən qüvvəyə minir.