• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1714
— 15.05.2020 19:53

Ödənişlər zamanı təhlükəsizlik qaydalarına əməl olunması

KepezTV Player

Bankomatlarda bank kartlarından və yaxud da onlayn şəkildə pulların oğurlanması xəbərlərinə tez-tez rast gəlirik. Bu qədər təhlükəsizlik tədbirlərinin görüldüyü halda, kartlardan pulların çəkilməsi necə baş verir? Bunun qarşısını birdəfəlik necə almaq olar? Növbəti süjetdə bütün bu suallara cavab axtarmağa çalışmışıq.

Onlayn ticarət dünyada geniş yayılıb. Həm rahat, həm də sərfəli. Bu sistemlə alış-verişə ölkəmizdə də maraq artır. Amma bundan istifadə edən dələduzlar da var. Adıçəkilən dələduzların tələsinə düşənlər də az deyil.

Nicat Məmmədov - zərərçəkən: Mən də digər vətəndaşlar kimi, onlayn saytlardan geyim əşyaları sifariş etmişdim.Sifariş etdiyim əşyalar gəlmədi.Gecikdiyi üçün mütəxəssislərə müraciət etdim. Onlar da mənə bildirdi ki, pulum mənimsənilib.Bu yanaşmanı nəzərə alaraq, dostlarıma müraciət edirəm ki, tanınmayan, bilmədikləri saytlardan onlayn sifarişlər etməsinlər ki, pulları batmasın.

Vətəndaşlar bankomatlardan istifadə zamanı kartın cihaza ötürüldüyü yerə, hətta şifrənin yığıldığı klaviaturaya diqqət etməli, ehtiyatlı olmalıdırlar. Çünki bəzi hallarda oğrular sözügedən cihazlara lokal avadanlıqlar quraşdırırlar. Bunu isə istifadəçi hiss etmir.

Sahib İbrahimov - İT mütəxəssis: Kartı bankomata daxil edərkən onun qəbul sürəti nəzərə alınmalıdır. Əgər gecikmələr varsa, ilişmələr varsa deməli, hansısa çiplər, əlavə qurğular cihaza yerləşdirilib ki, kartın məlumatları götürülsün.Yaxud da pin kodu daxil edərkən, gecikmələr olarsa, yaxud da düzgün pin kod daxil edən zaman səhv kodu daxil etməyiniz yazılarsa artıq bu xəbərdarlıq siqnalıdır ki, bankomata müdaxilə olunub.Bundan başqa artıq funksiyalara daxil olmaq, əlavə informasiya daxil etmək bankomatın nasazlığına səbəb ola bilər.

Onlayn alış-veriş zamanı isə təhlükəsizliyi təmin etmək məqsədilə müəyyən təhlükəsizlik protokollarından istifadə olunur. Bu elektronlaşdırılmış formada həyata keçirilir. Ancaq bu məqamda istifadəçilər diqqətli olmalıdır. Etibar edilən saytlardan sifarişlər edilməlidir.

Sahib İbrahimov - İT mütəxəssis: Onlayn ödəmə üsulu da cəmiyyətimizdə daha çox yayılıb.Bu üsul internet vasitəsilə olduğu üçün təhlükəsizlik məsələsi mühümdür.Ən əsas təhlükəsizlik üsulu da şifrələnmədir.Bu şifrələnmə “Essensial şifrələnmə”dir.Bu şifrələnmə xüsusi sertifikatlarla təsdiq olunmuş şirkətlər tərəfindən tənzimlənir.İlk öncə diqqət olunmalı məqam daxil olduğunuz və ödəniş etdiyiniz saytın sertifikatı varmı? Bu “htpp-s” informasiya mübadiləsi protokolu ilə tənzimlənir və aşkar olunur. Ən əsası odur.

Ümumiyyətlə ödənişlər zamanı qəbzlər mütləq götürülməlidir. Çünki beynəlxalq informasiya təhlükəsizliyi standartları var ki, bu da bir başqasının bizim kartımızdan icazəsiz istifadəsinə şərait yaratmır. Bu standartlardan biri də ödənişlərin rəsmiləşdirilməsi, yəni qəbzlərin dərhal təqdim olunmasıdır.

Sahib İbrahimov - İT mütəxəssis: Onlayn və ya real həyatda kart vasitəsilə edilən ödənişlərdən sonra mütləq şəkildə çeklər, qəbzlər götürülməlidir.Onlayn ödəmə zamanı 1 çek verilsə də, bu çeki mütləq şəkildə e-mail ünvanınıza yönləndirmək lazımdır.Bu formada Siz ödənişin məbləğini təsdiq edirsiniz.Eləcə də, marketdə ödəniş zamanı iki çek təqdim olunur. Bunlardan biri tranzaksiya, yəni kartdan məxaric, ikincisi marketin hesabına köçürülmə, yəni mədaxil.Bu çeklərin hər ikisi vacib sayılır.Banklarda da, təhlükəsizliyin təmin olunması üçün “3D - Secure” sistemi mövcuddur.Ödəniş portallarından istifadə zamanı da qaydalar həmin təhlükəsizlik protokollarına əsaslanır.

Alıcıların elektron ticarətə üstünlük verməsinin səbəbi ilk növbədə vaxta və vəsaitə qənaət etməsi ilə bağlıdır. Ancaq onların əksəriyyəti almaq istədikləri malları ölkə daxilindən deyil, xüsusi saytların imkanlarından istifadə etməklə xaricdən sifariş verirlər. Bu baxımdan alış-veriş edərkən kiber oğruların hədəfinə çevrilməmək üçün güclü parollar yaradılmalı və kredit kartı məlumatlarının 3-cü şəxslər tərəfindən oğurlanmaması üçün mütləq hesabdan çıxış düyməsindən istifadə edilməlidir.

 

Valeh Anaroğlu