Novbar meyvələrin vaxtıdır. İlboyu istixanalarda yetişdirilən meyvə və tərəvəzlər indi təbii şəraitdə əldə edilərək satışa çıxarılıb. Gəncənin bazarlarında da çiyələk, gilas, alça, badımcan, bibər və digər bu kimi meyvə və tərəvəzləri almaq imkanı var. Novbar olan məhsullar və onların qiymətləri barədə əməkdaşımız Valeh Anaroğlu maraqlanıb. İzləyək.
Ağız dadını qaçırmamaq istəyənlər daha çox alça və çiyələk almağa üstünlük versə də, satışda gilasa da rast gəlmək mümkündür. Piştaxtalara, eləcə də təzə pomidor, xiyar, badımcan, bibər, lobya, kartof və kələm də çıxarılıb. Meyvə-tərəvəzlər nübar olsa da, qiymətlər alıcıları qane edir.
İlhamə Xəlilova alıcı: Bazara xiyar və pomidor almağa gəlmişəm. Hərəsindən 1 kq aldım. Xiyarı kiloqramını 1 azn, pomidorun kiloqramını isə 1,20 azn-dən aldım. Qiymət məni qane edir.
Zərifə Etibarova alıcı: Gəlmişik meyvə-tərəvəz almağa. Bazarda qiymətlər münasibdir. Hər şey də təzədir.
Satıcılar isə alıcılarla müqayisədə mövcud durumdan razı deyil. Müştəri azlığından şikayətlənən satıcılar bazarda məhsulun bol olduğunu da etiraf edirlər.
Leyla Həsənova satıcı: Müştərilər seyrək olsa da gəlir, amma gələndə də hər şeyi ucuz tələb edirlər. Yerli badımcanın kiloqramı 3 azn, türk badımcanının kiloqramı 2,50 azn, yerli bibərin 4-ü 1 azn, türk bibərinin 5-i də 1 azn təşkil edir. Alçanın qiyməti müxtəlifdir. 2-yə var, 3-ə var, 4-ə var. Göycə bahadır, amma peyvənd ucuzdur.
Arif Əliyev satıcı: Alçalarımız göycə alçasıdır. Mövsümlə əlaqədar olaraq məhsul bolluğu müşahidə olunur. Qiymətləri 2-3 azn arası dəyişir.
Bu mövsüm pandemiya ilə əlaqədar olaraq alıcı və satıcıların əksəriyyəti bir qədər ehtiyat edir və gigiyenik normalara riayət edirlər. Öz sağlamlıqlarını düşünən şəxslər qoruyucu tibbi vasitələrdən istifadə edərək karantin rejimi qaydalarına əməl edirlər.
Ölkədə xüsusi karantin rejimi davam etsə də, bazar iştirakçıları gigiyenik normalara əməl etməklə öz alış-verişlərini davam etdirirlər.Ancaq satıcıların gileyləndiyi bir məsələ var.Mövsümi meyvə və tərəvəzlərin satışı ilə bağlı alıcı kütləviliyi müşahidə olunmur.
Valeh Anaroğlu
- Baxış: 511