Növbəti xəbərimiz aqranom və baytarlarla bağlıdır. Kənd təsərrüfatı sahəsində çalışan bu şəxslərin proqram təminatı haqqında biliklərə yiyələnməsi dövr inkişaf etdikcə zəruri hal almağa başlayır. Bunun əsas səbəbi “ağıllı ferma”ların yaranması ilə bağlıdır. Bəs ölkəmizdə bu məsələyə maraq hansı səviyyədədir? Qarşıdakı sujetdə bu barədə danışacağıq.
Müasir dövrdə təsərrüfatlarda ağıllı monitorinq sistemlərindən istifadə olunması həm məhsuldarlığı artırmağa, həm də adıçəkilən məkanlara uzaqdan nəzarətə yardım edir. Dünyanın müxtəlif ölkələrində tətbiq olunan bu sistemlər vasitəsilə heyvan xəstəliklərinin, torpaq strukturunun müəyyən olunaraq mobil cihazlara bildiriş formasında göndərilməsi təmin olunur.
İlham Kərimov - ekspert: Azərbaycan dövlətində çox yaxşı imkanlar var. Bizdə iqlimlə bağlı olaraq, meyvə, tərəvəz istehsalı yaxşı səviyyədədir. Ancaq ixrac məsələsi ilə bağlı müəyyən çətinliklər var. Çünki meyvə-tərəvəz tez xarab olur. Biz müasir üsullardan istifadə etməklə meyvələri qurudaraq Avropa, ABŞ kimi dövlətlərə ən yüksək və keyfiyyətli səviyyədə ixrac edə bilərik.
Təsərrüfatlarda müxtəlif aqrotexniki qulluq tədbirləri, təmizlik, istehsal, emal məsələləri avtomatlaşdırılmış formada icra olunmalıdır. Bu planlaşdırılmış məhsul istehsalının həcminin müəyyən edilməsinə və daha az resursun istifadəsinə öz töhfəsini verə bilər.
İlham Kərimov - ekspert: Ağıllı təsərrüfatlar insanlara qənaətcilliyi tövsiyə edir. Həm də məhsuldarlıq yüksək olur. Biz bu metoddan istifadə etməliyik. Alternativ enerji mənbələrindən, bərpa olunan enerji mənbələrindən biz geniş istifadə etməliyik ki, həmin məhsulun istehsalı ucuz başa gəlsin. Bizdə günəş də var, külək də var.
Heyvanların sağlamlığının qorunması üçün təmiz mühit lazımdır. Ağıllı ferma təsərrüfatlarında bu məsələyə xüsusi diqqət olunur. Çünki avtomatlaşdırılmış sistemlərdə bu proses daha asan və qısa müddətə başa gəlir.
İlham Kərimov - ekspert: Avtomatlaşmaya keçməliyik biz. Ona görə ki, biz ordan xeyir götürə bilək. Heyvandır, vaxtında suvarılmalıdır, peyin vaxtında təmizlənməlidir, yemi vaxtında verilməlidir, yem emalında avtomatikadan istifadə olunmalıdır, elektroenergetik məhsullardan istifadə olunmalıdır.
Hal-hazırda kənd təsərrüfatının müxtəlif istiqamətləri üzrə bir sıra layihələr icra olunur. Məqsəd sağlam qida zəncirinin təmin olunması, kənd təsərrüfatında keyfiyyətli məhsullar əldə etməkdi. Aqrar-sənaye kompleksində rəqəmsal texnologiyaların və platforma həllərinin tətbiqi ilə texnoloji bir irəliləyişin baş verəcəyi fermerlərin bu məsələlərə necə yanaşacağından asılıdır.
Valeh Anaroğlu
- Baxış: 2520