Xüsusi karantin rejiminin tələblərinə riayət edən Gəncə Dövlət Dram Teatrının yaradıcı kollektivi öz fəaliyyətini onlayn şəkildə davam etdirir. Kollektiv virtual şəkildə yeni bir tamaşanın məşqini edir. Bu əsərə Azərbaycan teatr tarixində ilk dəfə Gəncə Dövlət Dram Teatrının kollektivi müraciət edib.
Onlayn məşqlərə artıq bir həfdədir ki, başlanılıb. Kollektiv rusiyalı yazıçı-dramaturq Yelena Barançikovanın “Çingiz xanın buludu” pyesi üzərində çalışır. Elşad Əhmədovun quruluş verdiyi səhnə əsərinin rəssamı Vahab Cəfərov, musiqi tərtibatçısı Ziyad Abbasovdur. Tarixi əsərdə Çingiz xanın həyatı, onun o dövrdə qoyduğu qayda-qanunlar, eləcədə türk xalqlarının adət-ənənələrindən bəhs olunur.
Elşad Əhmədov quruluşçu rejissor: Bizim ideyamıza, müəllifin ideyasına uyğun olaraq, biz həm də bu əsərlə bütün yer üzündə gedən müharibələrə son demək istəyirik. Çünki müharibə olan yerdə heç vaxt inkişaf olmur. Bəşəriyyət həmişə bədbin əhval ruhiyyədə yaşayır. Tamaşanın ideyası və ali məqsədi ondan ibarətdir ki, müharibələrə ancaq insan sevgisi və mərhəməti qalib gələ bilər.
Gəncə Dövlət Dram Teatrının kollektivi yeni əsəri ancaq yerli tamaşaçılara təqdim etməklə kifayətlənməyəcək. İlk dəfə səhnəyə qoyulacaq tamaşa ilə bağlı planlar böyükdür.
Əli Qasımov Gəncə Dövlət Dram Teatrının direktoru:Bu tarixi əsər, tarixi şəxsiyyət barəsində açılan mövzudan hazırlanan əsər tezliklə ərsəyə gələcək və həmin əsərlə növbəti festivallara qatılmağı nəzərdə tutmuşuq
Bir hissəli tamaşada əsas rolları Xalq artisti Pərvanə Qurbanova, Əməkdar artistlər Elxan Abbasov, Sevda Orucova, Ramiz Vəliyev, aktyorlar Sevinc Hüseynova, Murad Meyfəliyev və digərləri ifa edirlər. Səhnə əsərinin gələn ayın əvvəllərində təhvil verilməsi planlaşdırılır.
- Baxış: 463