• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1069
— 05.05.2020 12:35

115 kq narkotikin və odlu silahların ölkəyə keçirilməsinin qarşısı alındı

KepezTV Player

115 kq narkotik vasitənin və odlu silahların ölkə ərazisinə qanunsuz yolla gətirilməsinin qarşısı alınıb.Narkotik gətirənlər avtomobili hərbçilərin üstünə sürərək onların həyatını təhlükəyə atıb. Hadisənin təfərrüatlarını izləyək.

Sərhəd Qoşunlarının “Horadiz” sərhəd dəstəsinin xidməti ərazisində Beyləqan rayonunun Əhmədli kəndi yaxınlığındakı sərhəd zastavasının xidməti sahəsində boz rəngli VAZ-2107 markalı avtomobilin əraziyə yaxınlaşması, avtomobildən bir nəfərin düşərək özünü şübhəli aparması və ətrafı müşahidə etməsi sərhəd naryadının diqqətini cəlb edib. Ağacın altından bir neçə bağlama götürərək avtomobilə doğru hərəkət edən zaman sərhəd naryadı ona “dayan” əmri verib. Lakin həmin şəxs əmrə tabe olmayıb, müqavimət göstərməsinə və hadisə yerindən qaçmağa çalışmasına baxmayaraq sərhəd naryadı tərəfindən saxlanılıb. Bu zaman VAZ-ın sürücüsü avtomobili sərhəd naryadının digər üzvlərinin üzərinə sürərək onların həyatına sui-qəsd edib və hadisə yerindən uzaqlaşıb. Sürücünün şəxsiyyəti müəyyənləşdirilib, hazırda saxlanılması üzrə əməliyyat axtarış tədbirləri həyata keçirilir.Saxlanılan şəxsin Füzuli rayonunun Böyük Bəhmənli kəndində anadan olan və hazırda həmin kənddə yaşayan, Rusiya vətəndaşı 50 yaşlı Şükür Mehtiyev olması müəyyənləşdirilib. Onun avtomobilə daşıdığı və ağacın altında qalan bağlamalarda ümumi çəkisi 115 kq olan heroin, tiryək, marixuana və metafetamin növündə narkotik vasitələr, tapança, 8 ədəd 9 mm kalibrli güllə, daraq, 12 kalibrli "Kral maqnium" markalı ov tüfəngi, 19 ədəd 12 kalibrli İran istehsalı olan "Mahama" markalı güllə aşkar olunub.Cinayətkar qrupun digər üzvlərinin cinayət məsuliyyətinə cəlb olunması üzrə zəruri əməliyyat-istintaq hərəkətləri davam etdirilir.