Gəncənin tanınmış elm adamlarından biri, professor Vaqif Məmmədov. Növbəti süjetimizin qəhrəmanı odur. 72 yaşlı alim bir çox cəhətləri ilə nəinki tələbələrinə, bütün gənclərə örnəkdir. Əməkdaşımız Valeh Anaroğlu bizi bu istedadlı ziyalı ilə yaxından tanış edəcək. İzləyək.
Vaqif müəllim Kimya fənni üzrə fəlsəfə doktoru, professordur. Ancaq onu bir çox elm adamlarından fərqləndirən əsas məqam musiqiyə olan böyük həvəsidir. Orta məktəb illərindən başlayan musiqi sevgisi hərbi xidmət dövründə də Vaqif Məmmədovu tərk etməyib. Özü kimi istedadlı əsgərləri bir araya gətirərək ansambl təşkil edib.
Vaqif Məmmədov - professor: Hərbi xidmətə çağrıldıqdan sonra, Batumda xidmət etdim.Musiqiyə böyük həvəsim olduğu üçün məni musiqi truppasına seçdilər.Qərara gəldim ki, tar tapım, burada musiqi ansamblı təşkil edim.Fotolardan göründüyü kimi, tar da tapıldı, ansambl da təşkil olundu.Azərbaycanlı uşaqlar da var idi, onlar da bizə qoşulduqdan sonra hətta orda konsertlər də verməyə başladıq.Yəni musiqini mən çox əvvəldən sevmişəm.
Gənc yaşlarından elmə böyük həvəsi olan Vaqif Məmmədov hərbi xidmətini başa vurduqdan sonra müəllim kimi fəaliyyətə başlayıb. Ötən əsrin 80-ci illərindən etibarən Kimya elminin dərinliklərini tələbələrə öyrədir.
Vaqif Məmmədov - professor: Mən müdafiə etdim. Elmlər namizədi aldım.Bu ərəfədə, yəni 1980-ci ildən 2007-ci ilə qədər Azərbaycan Texnologiya Universitetində işlədim.2007-ci ildə yenidən aqrar universitetinə qayıtdım.Həmin tarixdən də mən orada çalışıram.
Tələbələrinin “Qızıl Vaqif” adlandırdıqları Vaqif müəllim onların qəlbinə mehribanlığı, qayğıkeşliyi, gənclərə həssas münasibəti ilə yol tapıb.
Vaqif Məmmədov - professor: Sözümün əvvəli də, axırı da deyirəm ki, ay uşaqlar, Siz gəncsiniz.Sizin görmə qabiliyyətiniz məndən artıq, eşitməyiniz artıq, digər bədən üzvləriniz hamısı daha məndən daha gümrahdır.Nə qaldı? Deməli Siz bunu səmərəli formada istifadə etməlisiniz. Birinci növbədə mən uşaqları çox sevirəm. Belə bir məsəl var. Deyir “Sən sev ki, Səni sevsinlər”.Onlara öz övladım kimi yanaşıram.Birinin kefi olmursa, dərhal onunla söhbət edirəm. Soruçuram ki, nə baş verib, niyə kefsizsən. Hökmən mən onunla mütləq maraqlanmalı, vəziyyəti soruçmalıyam.
Yaşı 72-ni haqlayan Vaqif müəllim yalnız öyrətməklə kifayətlənmir, özü də öyrənməyə böyük maraq göstərir. Elə bu maraq sayəsində gənclərə örnək olacaq addımlar atır. Beynəlxalq təcrübədən daha geniş şəkildə faydalanmaq üçün Vaqif Məmmədov ingilis dilini də öyrənib. Musiqi isə hər zamankı kimi, elmi yaradıcılığın əsas ilhamverici qüvvəsidir.
Valeh Anaroğlu
- Baxış: 209