• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1079
— 02.05.2020 20:25

Prezident aparılacaq islahatlardan danışıb

KepezTV Player

Bəzi nazirliklərdə vəzifəyə təyin olunmaq üçün rüşvət tələb edilir.Qanun qarşısında hamı bərabərdir, Azərbaycan cəmiyyətində korrupsiya və rüşvətxorluq olmamalıdır. Bu fikirləri prezident İlham Əliyev Baş prokuror Kamran Əliyevi videoformatda qəbul edərkən deyib. Ölkə başçısı Hüquq-mühafizə orqanlarında  islahatlara böyük ehtiyac olduğundan da danışıb.

Tərəqqi islahatlarsız mümkün deyil. Ümid edirəm ki, Azərbaycan Respublikasının Prokurorluğu bu islahatların aparılmasında uğurlar qazanacaq deyən prezident   siyasi sahədə olan genişmiqyaslı islahatlara toxunub, hakimiyyət tərəfindən təklif edilmiş siyasi dialoqun demək olar ki, baş tutduğunu vurğulayıb.

İlham Əliyev Azərbaycan Respublikasının Prezidenti : növbəti illərdə siyasi sistemin təkmilləşdirilməsi, müasirləşdirilməsi, Azərbaycanda siyasi münasibətlərin sağlam zəmində qurulması işində önəmli addımlar atılacaqdır. Bir daha bildirməliyəm ki, Azərbaycanda heç kim öz siyasi baxışlarına, siyasi mənsubiyyətinə, siyasi fəaliyyətinə görə təqib edilməməlidir.

"Qeyri-neft sektorunda əldə edilmiş nəticələr məhz islahatlara söykənir"

Dövlət başçısı iqtisadi islahatlar aparılmadan dayanıqlı inkişafın mümkünsüz olduğunu vurğualyıb. Neft bazarlarında müşahidə olunan böhran demək olar ki, neftlə zəngin olan bütün ölkələrin gəlirlərinə çox mənfi təsir göstərib. Ona görə  əsas məqsəd qeyri-neft sektorunun inkişafıdır və bu istiqamətdə əldə edilmiş nəticələr məhz islahatlara söykənir.

İlham Əliyev Azərbaycan Respublikasının Prezidenti : bir çox ölkələrdə indi iqtisadi tənəzzül müşahidə olunur. Bizdə də bu, istisna edilmir, çünki pandemiya ölkə iqtisadiyyatına çox böyük mənfi təsir göstərmişdir. Ancaq hər halda birinci rübün yekunları göstərir ki, iqtisadiyyat 1,1 faiz, qeyri-neft iqtisadiyyatımız isə 3 faizdən çox artmışdır. Bütün bunların əsas səbəbi aparılan islahatlardır və bu, bizə imkan verir ki, sosial sahədə çox genişmiqyaslı proqramlar icra edilsin, Koronavirusa görə bu il bu istiqamətdə əlavə addımların atılması təmin edilmişdir.

"Hüquq mühafizə orqanları tərəfindən qəbul edilmiş qərarlar bəzi hallarda qanunlara ziddir"

Hüquq mühafizə orqanlarında daha genişmiqyaslı islahatların aparılmasının başlıca şərt olduğunu deyən prezident vurğulayıb ki, hələ istənilənə tam nail olunmayıb.

İlham Əliyev Azərbaycan Respublikasının Prezidenti :hüquq mühafizə orqanları tərəfindən qəbul edilmiş qərarlar bəzi hallarda qanunlara ziddir, sosial ədaləti pozur, insanları haqlı olaraq narazı salır və beləliklə ümumi işimizə böyük ziyan vurur. Bunun səbəblərindən biri qeyri-peşəkarlıq ola bilər, ancaq bəzi hallarda bunun arxasında hansısa maraqlar, şəxsi təmənna dayanır. Bu gün bütün hüquq mühafizə orqanlarının əməkdaşları və rəhbərləri məni eşidirlər. Mənim sözlərim onlar üçün əsas göstəriş olmalıdır ki, Azərbaycanda hüquq mühafizə sistemində islahatlar dərinləşsin və qanunun aliliyi təmin edilsin.

"Qanun qarşısında hamı bərabərdir"

Digər vacib vəzifələrdən biri korrupsiyaya və rüşvətxorluğa qarşı mübarizədir. Bu xoşagəlməz hallara qarşı Azərbaycanda çox ciddi işlər  görülür.    Ağstafa, Biləsuvar, Yevlax, Neftçala rayonlarının icra başçıları həbs edilib.

İlham Əliyev Azərbaycan Respublikasının Prezidenti :Ancaq bu gün nümayiş etdirilən videokadrlar onu göstərir ki, rüşvətxorluq bu adamlar üçün əsas prinsip olmuşdur. Yəni, bütün aidiyyəti qurumlar bir qayda olaraq hər ay icra başçılarına və icra hakimiyyətinin digər nümayəndələrinə rüşvət verməli olmuşlar. Əfsuslar olsun ki, belə xoşagəlməz hallar digər rayonlarda da vardır. Heç kim qanundan üstün deyil və əgər kim fikirləşir ki, onun yaxınları, tanışları, qohumları, yüksək vəzifəli dostları ona kömək edəcəklər, səhv edir. Qanun qarşısında hamı bərabərdir. Biləsuvar rayonunun həbs edilmiş icra başçısı bir neçə insanın torpaq sahəsini əllərindən alıb. Bu vətəndaşlar mənə açıq şəkildə müraciət etmişlər və dərhal göstəriş verildi ki, bu məsələ araşdırılsın. Əgər bu siqnal özünü təsdiqləsə, bu torpaqlar həmin vətəndaşlara qaytarılmalıdır. Ona görə prokurorluq orqanları bu işlərdə fəal olmalıdırlar. Bu gün bu ağır dövrdə verilən ərzağı oğurlamaq, fəhlələrə nəzərdə tutulmuş maaşı öz cibinə qoyaraq mənimsəmək həm cinayətdir, həm böyük vicdansızlıqdır.

"Vəzifəyə təyin olunmaq üçün insanlardan bəzi hallarda rüşvət tələb edilir"

Prezident bildirib ki, bu hallar təkcə yerli icra orqanlarında müşahidə edilmir, mərkəzi icra orqanlarında da belə hallar var. Bəzi nazirliklərdə hələ bu siqnallar araşdırılır.

İlham Əliyev Azərbaycan Respublikasının Prezidenti : vəzifəyə təyin olunmaq üçün insanlardan bəzi hallarda rüşvət tələb edilir. Bu, cinayətdir, bu, bizim cəmiyyətimizin əsaslarını sarsıdan addımlardır, çirkin addımlardır. Pul verib vəzifəyə gələn adam ilk növbədə neyləyəcək? Çalışacaq ki, o pulun əvəzini çıxsın. Bunu haradan çıxaracaq? Ya haradansa dövlət malını oğurlayacaq, ya da ki, əgər imkanı olacaqsa, insanlardan pul tələb edəcək. Sadaladığım bu rayonlarda səhiyyə, təhsil, mədəniyyət sahəsində kütləvi şəkildə vətəndaşlardan, valideynlərdən, hər məktəb direktorundan pul yığılır. Rayon mərkəzi xəstəxanasının baş həkimindən icra hakimiyyətinə pul verilir. O da öz növbəsində bütün şöbələrdən hər ay haqq yığır. Bütün bələdiyyələr icra hakimiyyətinə aylıq pul verir. Biz bu hallara qarşı amansız mübarizə aparacağıq.

Bu yardımı mənimsəməyə nə ad vermək olar?!

Pandemiya ilə əlaqədar bu gün Azərbaycan dövləti bütün resursları səfərbər edib. Dövlət, ictimai təşkilatlar, ilk növbədə, Heydər Əliyev Fondu, ayrı-ayrı sahibkarlar, ayrı-ayrı imkanlı adamlar öz təşəbbüsləri ilə gedib kasıb insanlara əl tuturlar.

İlham Əliyev Azərbaycan Respublikasının Prezidenti :Bu yardımı mənimsəməyə nə ad vermək olar?! Bu yaxınlarda Heydər Əliyev Fondu tərəfindən göndərilmiş ərzaq paylarını da aparıb öz qohumlarının evlərində saxlayırlar ki, sonra onları satsınlar. Biz buna gözmü yumacağıq? Belə adamlar ən ciddi cəzaya layiqdirlər.

"Struktur qurumlarının fəaliyyəti təhlil edilməlidir"

Kamran Əliyev prokurorluq orqanlarında islahatların davam etdirilməsinin vacibliyini vurğulayıb.

Kamran Əliyev Azərbaycan Respublikasının Baş prokuroru: Kadr islahatları doğrudan da çox vacib məsələdir və biz bu sahədə fəaliyyətimizi davam etdirəcəyik. Əgər zərurət yaranarsa təbii ki, prokurorluğun, həmçinin struktur qurumlarının fəaliyyəti təhlil edilməlidir.

Bu sahədə mütərəqqi addımların atılacağı diqqətə çatdırılıb.