• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1282
— 30.04.2020 20:37

Ramazan ayında necə qidalanaq?

KepezTV Player

Artıq Ramazan ayının 6-ci gününü yaşayırıq. Hər il olduğu kimi bu il də milyonlarla müsəlman oruc tutur, təxminən 16-17 saat ac, susuz qalır. Mübarək ay ərzində nəfsləri ilə sınaq verənlərə, həkimlərin xəbərdarlığı var. Bir neçə gün əvvəl TƏBİB-in də sağlam qidalanma ilə bağlı əhaliyə müraciətinə nəzər salsaq görərik ki, oruc tutan sağlam insanlar lazımi miqdarda və nizamlı qidalanma qaydalarına əməl edərək, Ramazan ayını sağlam şəkildə başa vura bilərlər.

Şəhla Verdiyeva endokrinoloq: Sahurda qidalanmağımız gün ərzində 15-16 saatlıq aclığımızı və enerjimizi təmin edəcək şəkildə olmalıdır. Zülal mütləq qida rasionumuzda yer almalıdır. Yumurta, süd məhsulları yəni, pendir, qatıq, şor və bu kimi məhsullardan aldığımız zülallardan söhbət gedir. Karbohidrat az miqdarda, orqanizmimizi şəkərin miqdarının enməsindən qoruyacaq şəkildə olmalıdır. Şirniyyat, şəkər tozu, qənd və bu kimi məhsullardan mümkün qədər qaçmaq lazımdır. Az miqdarda qəbul etmək və ya qəbul edəcəyiksə lifin tərkibində olmasına diqqət etmək lazımdır. Yəni, təbii meyvələr şəklində qəbul etmək vacibdir.

İmsakda zülal və karbohidrat qədər, yağ tərkibli qida məhsullarının qəbulu da önəmlidir. Bu mənada ən yaxşı seçim çərəzlər ola bilər. İmsakdan fərqli olaraq, iftar süfrəsində isə daha yüngül, asan həzm olunan təamlar yer almalıdır.Orucu bol maye qəbulu ilə açıb, təxminən yarım saat sonra yeməklərdən dadmaq tövsiyə olunur.

Şəhla Verdiyeva endokrinoloq: İftarda bacardığımız qədər duru yeməklərə üstünlük vermək lazımdır. Bu yolla gün ərzində istirahət eləmiş mədə-bağırsaq sistemimizi quru qidalarla birdən-birə yormarıq. İftar zamanı təbii və təzə tərəvəzlərə üstünlük versək daha yaxşı olar. Xüsusilə, pomidor, xiyar, kələm, kök və digər tərəvəz salatları. Qızartma yeməklərdən bacardığımız qədər uzaq durmalıyıq. Çünki gecə ərzində bizim mədə-bağırsaq sistemimizi daha da yorar. Nəticədə yuxu pozğunluğuna səbəb ola bilər.

Axşam saatlarında yumurta və süd məhsullarının yerinə, toyuq və balıq kimi proteinlərin qəbulu məqsədəuyğundur. Mütəxəssislərin sözlərinə görə, ehtiyacımız olan bütün məhsulları qaydasında, rasional şəkildə qəbul etsək, Ramazan ayı boyunca gündə 2 dəfə qidalanmaq normal və sağlam hesab olunur.