• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1577
— 15.04.2020 12:03

Prezident İlham Əliyev videokonfrans şəklində müşavirə keçirdi

KepezTV Player

Qabaqlayıcı tədbirlər və düşünülmüş siyasət nəticəsində Azərbaycanda koronavirusla bağlı vəziyyət nəzarətdə saxlanılır. Əgər bu addımlar vaxtında atılmasaydı və biz düşünülmüş strategiya çərçivəsində məhdudlaşdırıcı rejimi mərhələli yollarla sərtləşdirməsəydik, bu gün xəstələrin sayı min yox, bəlkə də 10 min, 20 min ola bilərdi. Bunu Prezident İlham Əliyev 2020-ci ilin birinci rübünün sosial-iqtisadi yekunlarına həsr olunan videokonfrans şəklində müşavirədə deyib. Dövlət başçısı vurğulayıb ki, heç bir ölkənin səhiyyə sistemi bu xəstələrin artan dinamikasının qarşısında duruş gətirə bilməz. Ona görə bundan dərs çıxartmaq və ibrət götürmək lazımdır.

“Koronavirus pandemiyası nə vaxt qurtaracaq bunu heç kim bilmir, heç kim proqnoz verə bilmir. Ona görə biz də, sadəcə olaraq, həm ölkə daxilində vəziyyəti tam nəzarətdə saxlamalıyıq, geniş monitorinq aparmalıyıq və aparırıq. Eyni zamanda, dünyada gedən prosesləri də yaxından müşahidə edərək öz addımlarımızı elə ataq və tam əmin olaq ki, bu koronavirus pandemiyası artıq təhlükə törətmir. Hesab edirəm ki, ancaq ondan sonra müəyyən dərəcədə yumşalma addımlarının atılması mümkündür”. Dövlət başçısının sözlərinə görə, hələ ki, demək tezdir, amma son günlərin rəqəmləri ümidvericidir.

İlham Əliyev - Azərbaycan Respublikasının Prezidenti: “Ümid etmək istəyirəm ki, bu müsbət dinamika, yəni, xəstələrin sayı ilə bağlı müsbət dinamika bundan sonra da davam edəcək. Ancaq yenə də deyirəm, biz addımlarımızı vəziyyətə uyğun şəkildə atacağıq. O ki qaldı, pandemiyanın ölkə iqtisadiyyatına mənfi təsirinə, bu da qaçılmazdır. Artıq aparıcı beynəlxalq maliyyə qurumları qeyd edir ki, bu pandemiyadan yarana biləcək və yaranmaqda olan böhran 2008-2009-cu ilin böhranından daha da ağır olacaq. Bunu Beynəlxalq Valyuta Fondunun rəhbərliyi bildirmişdir. Eyni zamanda, biz bilirik ki, Beynəlxalq Valyuta Fonduna və Dünya Bankına 150-dən çox ölkə yardım üçün müraciət etmişdir. Yəni, dünya birliyinin mütləq əksəriyyəti artıq yardıma ehtiyac duyur və buna görə müraciət edibdir. Azərbaycanın adı bu siyahıda yoxdur. Hesab edirəm ki, bu vəziyyətdən şərəflə çıxmağımız, - mən buna əminəm, - bir daha göstərəcək ki, bizim bütün addımlarımız düşünülmüş addımlardır və xalqımızın, dövlətimizin maraqlarına uyğun şəkildə atılan addımlardır. Ancaq bir daha demək istəyirəm ki, iqtisadi vəziyyətə pandemiyanın təsiri qaçılmazdır. Biz artıq bunu görürük. Ona görə hökumətə tapşırıq verirəm, xüsusilə Baş Nazirə, Maliyyə nazirinə və İqtisadiyyat nazirinə ki, dövlət xərclərinə yenidən baxılsın və prioritet təşkil etməyən xərclər ixtisar edilsin. Eyni zamanda, vəsaitin xərclənməsinə çox ciddi nəzarət mexanizmi tətbiq olunmalıdır”.))

Bundan əlavə, hökumətə tapşırılıb yeni gəlir mənbələri aşkar edilməlidir. İlk növbədə, bu vəziyyətdən əziyyət çəkən vətəndaşların problemləri həll edilir. Eyni zamanda, işsizlərlə bağlı problemlər öz həllini tapır və işini itirənlər artıq öz adlarını kütləvi surətdə qeydiyyata salırlar. Prezident İlham Əliyev deyib ki, burada da çox diqqətli, sui-istifadədən uzaq olmalıyıq. Bu, həm vətəndaşlara aiddir, həm də dövlət orqanlarına.

İlham Əliyev - Azərbaycan Respublikasının Prezidenti: Doğrudan da işini itirmiş, yaxud da ki, işləməyən insanlara yardım göstərilməlidir. Çünki mənə verilən məlumata görə, son günlər ərzində müraciətlərin dinamikası çox sürətlidir və bu, müəyyən şübhələr doğurur. Dövlət orqanlarının kifayət qədər imkanı var ki, bu məsələ araşdırılsın və ehtiyacı olan insanlar dövlətdən yardım alsınlar. Onu da bildirməliyəm ki, mənim göstərişimlə son aylar ərzində ünvanlı sosial yardım alan insanların sayı artırılıb, indi 70 mindən çoxdur. Əlbəttə ki, hər bir məsələyə biz ayrı-ayrılıqda baxmalıyıq, vahid meyarlar tətbiq olunmalıdır və bu meyarlar vətəndaşlara da aydın olmalıdır ki, bununla bağlı heç kimdə heç bir şübhə qalmasın. Əlbəttə ki, həyat yerində durmur, həyat davam edir və mən əminəm ki, 2020-ci il də çox dərin və geniş islahatlar ili olacaq, necə ki, 2019-cu ildə islahatların böyük hissəsi icra edilmişdir. Əslində, islahatların yeni mərhələsinə start 2018-ci ilin prezident seçkilərindən sonra verilmişdir. Mənim andiçmə mərasimindəki çıxışımda inkişafımızın və islahatların bütün istiqamətləri açıq-aydın göstərilmişdir. Ondan sonra biz bu islahatların ardıcıllıqla həyata keçirilməsi ilə məşğuluq və bu gün deyə bilərəm ki, ölkəmizdə daha yaxşı vəziyyət yaranmışdır - həm siyasi müstəvidə, iqtisadi sahədə, həm də sosial problemlərin həllində. Əlbəttə, əgər bu koronavirus pandemiyası müdaxilə etməsəydi, bizim uğurlarımız daha da böyük həcmli olardı. Ancaq əminəm ki, biz bu ağır vəziyyətdən də çıxacağıq, iqtisadiyyatımız, iş yerləri bərpa ediləcək”.

Dövlət başçısının sözlərinə görə, pandemiya bir daha göstərdi ki, uğurlu inkişaf üçün iqtisadiyyat dayanıqlı olmalıdır. Azərbaycan bundan sonra da demokratik inkişaf istiqamətində önəmli addımlar atacaq. Struktur islahatları aparılıb və bu islahatların davam etdirilməsi məsələlərinə yenə də baxılmalıdır. Prezident İlham Əliyev onu da vurğulayıb ki, hakimiyyət tərəfindən atılan addımlar, siyasi dialoqun başlanması və müxalifət partiyaları tərəfindən buna müsbət reaksiya verilməsi müstəqillik dövründə tam yeni vəziyyətin yaradılmasına gətirib çıxarır. Müstəqillik dövründə bu sahədə heç vaxt belə müsbət mənzərə müşahidə edilmirdi. Bu, ölkəmizə böyük fayda gətirəcək. Dağlıq Qarabağda münaqişəsi ilə bağlı danışarkən dövlət başçısı deyib ki, Ermənistanın münaqişə ilə bağlı mövqeyinə növbəti böyük zərbə bu yaxınlarda vuruldu. Söhbət qondarma “Dağlıq Qarabağ respublikası”nda keçirilmiş qondarma “prezident”in qondarma “seçkiləri”ndən gedir. Bu “seçkilər” bir daha göstərdi ki, bu qanunsuz xunta rejimini heç kim tanımır.

İlham Əliyev - Azərbaycan Respublikasının Prezidenti: “Seçkilər”dən sonra bütün aparıcı beynəlxalq təşkilatlar bu seçkiləri tanımadı və açıq-aydın bəyanatlar səsləndi. ATƏT-in Minsk qrupunun həmsədrləri - Amerika, Fransa, Rusiya açıqlama verdi. ATƏT Parlament Assambleyası açıqlama verdi. Avropa İttifaqı, hətta bizə qərəzli mövqedə dayanan Avropa Parlamenti də açıqlama verdi. NATO, İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı, Türk Şurası - bütün bu təşkilatlar dünyanın demək olar ki, mütləq əksəriyyətini cəmləşdirir. Qoşulmama Hərəkatında 120 ölkə, İslam Əməkdaşlıq Təşkilatında 50-dən çox ölkə, Avropa İttifaqında 30-a yaxın ölkə, ATƏT-də 50-yə yaxın ölkə. Bütün bu təşkilatlar bu “seçkiləri” tanımadı və bir daha göstərdilər ki, Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir. Bu, bir daha göstərdi və mən bunu demişəm, bir daha demək istəyirəm ki, Dağlıq Qarabağ Azərbaycandır və nida işarəsi. Ancaq istəyirəm Azərbaycan vətəndaşları bilsinlər ki, bu beynəlxalq təşkilatlar arasında bir təşkilatın adı yoxdur. Hesab edirəm, hər kəs başa düşür ki, söhbət Avropa Şurasından, Avropa Şurası Parlament Assambleyasından gedir, hansı ki, uzun illər, 20 il ərzində Azərbaycanı qaralamaq, Azərbaycana şər, böhtan atmaq, Azərbaycanı nüfuzdan salmaq üçün əlindən gələni əsirgəmir… Bir daha demək istəyirəm ki, Dağlıq Qarabağ münaqişəsinin həllinin bir yolu var, o da Azərbaycanın ərazi bütövlüyünün bərpasıdır. Bütün beynəlxalq aləmin bu qondarma “seçkilər”ə olan reaksiyası bizim mövqeyimizi daha da gücləndirir.

Prezident İlham Əliyev diqqətə çatdırıb ki, ilin sonuna qədər sosial sahədə heç bir proqram ixtisar edilməyəcək. Əksinə, koronavirusla bağlı ümumi dəstək paketi 2,5 milyard manat nəzərdə tutulur. Ancaq bundan artıq olacaq. Təkcə lazımi avadanlıqların, ləvazimatların alınması üçün bu yaxınlarda Prezidentin ehtiyat fondundan 97 milyon manat ayrıldı. Bundan sonra da ilin sonunadək nə qədər lazımdırsa, hələ 150 milyon manatın ayrılması da nəzərdə tutulur. Bu, 2,5 milyard manatın içində deyil. Bütün sosial ödənişlər aparılır. Bu il bütün sosial infrastruktur obyektlərinin tikintisi də ixtisarsız icra ediləcək. Minimum 7 min köçkün ailəsi yeni mənzillərə köçürüləcək və minimum 1500 şəhid ailəsinə yeni mənzillər veriləcək. Dövlət başçısı onu da vurğulayıb ki, ilin üç ayının yekunlarını prinsip etibarilə müsbət qiymətləndirmək olar.