Dünyanı öz cənginə alan koronovirus bəlası artıq bir çox sahələri iflic vəziyyətə salıb. Hazırki durum aqrar sahədə çalışanların işinə də müəyyən qədər problemlər yaradır. Mövcud situasiyada Azərbaycan Dövlət Aqrar Universitetinin alimləri fermer və sahibkarların yanındadır. Fermerlərə dəstəyini əsirgəməyən mütəxəssislər aqrar məsləhət xidmətinin nəzdində yaradılan xüsusi qrup vasitəsilə təsərrüfat sahiblərinə onlayn formada tövsiyyələr verir.
ADAU kənd təsərrüfatı məhsullarının istehsalıyla məşğul olan, ölkənin ərzaq təhlükəsizliyini təmin edənlər üçün xidmət imkanları genişləndirib. Artıq fermer və sahibkarlar qarşıya çıxan bütün problemlərlə bağlı telefon bağlantısı və ya onlayn formada məsləhət ala bilərlər. Şənbə və bazar günləri daxil olmaqla, həftənin bütün günləri səhər saat 9-dan axşam 9-dək...
Hüseyn İdrisov ADAU-nun “Bağçılıq” kafedrasının müdiri:Siz inanın ki, gün ərzində təkcə mənə bəlkədə 20-30 nəfərdən artıq insan zəng edir, müəyyən məsləhətlər istəyir. Elə məsələlər var ki, biz onu telefon vasitəsilə həll edirik, amma elə məsələlər var ki, yerində baxmaq, ora getmək mütləqdir.
Fermerlər, kənd təsərrüfatı məhsullarının istehsalçıları və fərdi təsərrüfat sahibləri bitkilərin becərilməsi, heyvanların saxlanması, müalicəsi istiqamətində qarşılaşdığı bütün çətinliklərlə bağlı müraciət edib və dərhal cavab ala bilərlər. Onlayn söhbətlər zamanı təsərrüfat sahiblərini daha çox maraqlandıran müraciətlərə gəldikdə,
Hüseyn İdrisov ADAU-nun “Bağçılıq” kafedrasının müdiri:Xəstəlik zərərvericiləri və məhsulun becərilməsində qarşıya çıxan problemlərlə bağlı məsələləri çox maraqlanırlar. Bir də görürsən yazırlar ki, bizim meyvənin üzərində alabəzəklik yarandı, çatlar oldu, məhsullar xırdadır və yaxud çiçəklər tökülür. Bax bu problemlərin əksəriyyəti aqrotexniki əməliyyatların düzgün aparılmamasıyla bağlı yaranır. Və yaxud bir də görürsən dyeirlər ki, müəllim meyvədə müəyyən qırışlar oldu. Gedib yerində baxanda görürsən ki, mühit, şərait orda tam özünü doğrultmur. Ya nəmlik yüksəkdi, ya temperatur və yaxud tamam əksinə.
Universitetin aqrar məsləhət xidməti ötən ildən fəaliyyət göstərir. Müxtəlif sahə alimlərindən ibarət böyük qrup təsərrüfat sahiblərinə həm açıq, həm də qapalı şəraitdə becərilən bitkilərin əkini, onlara qulluq texnologiyası, kütləvi məhsul yığımı və digər mövzularla bağlı tövsiyələr verir. Mövcud vəziyyətdə isə müraciətlər telefon bağlantısı və ya onlayn formada həyata keçirilir.
- Baxış: 479