• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1305
— 03.03.2020 16:35

Koronavirusla bağlı tibb müəssisələrinə xəbərdarlıq!

KepezTV Player

Koronavirus infeksiyalarının vaxtında aşkar olunması üçün hazırda xəstəliyin geniş yayıldığı bölgədən gələn, yaxud həmin bölgədən gələnlə, eləcə də xəstəliyi təsdiq olunmuş şəxslə təmasda olan şəxslərdən analiz nümunələrinin götürülməsi vacibdir. Bu məqsədlə Azərbaycanda beynəlxalq təcrübəyə uyğun olaraq koronavirus infeksiyalarının laborator diaqnostikası üçün xüsusi dövlət tibb müəssisələri müəyyənləşdirilib. Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumatında deyilir ki, bu müəssisələrdəki laboratoriyalar Ümumdünya Səhiyyə Təşkilatının müəyyən etdiyi bütün biotəhlükəsizlik və digər keyfiyyət standartlarına tam uyğun qurulub, analizlər yüksək ixtisaslı kadrlar tərəfindən icra olunur, test nəticələrinin düzgünlüyünə xüsusi proqramlarla nəzarət edilir. Hazırda xüsusi ayrılmış dövlət tibb müəssisələrindəki laboratoriyalarda sözügedən şəxslərin tibbi müayinələri tam pulsuz şəkildə həyata keçirilir. Həmin şəxslər özlərində respirator xəstəlik əlamətləri - qızdırma, halsızlıq, öskürək, ürəkbulanma, nəfəs darlığı hiss etdikləri halda dərhal Bakı daxilində 103, Bakıdan kənarda 113 Təcili yardım nömrələrinə zəng edərək müayinədən keçə bilərlər. Digər dövlət və qeyri-dövlət tibb müəssisələrində koronavirusun təyini məqsədilə laborator analizlərin aparılması qəti qadağandır! Bu tələbi pozan bütün tibb müəssisələrinə qarşı qanunvericiliyə uyğun olaraq  müvafiq tədbirlər görüləcəkdir.