Çoxlarına bəlli olmayan “kinoloq” ifadəsinin hansı peşə mənsublarına deyildiyi bəziləri üçün bu gün də şübhə doğurur. Bilməyənlər üçün bir daha qeyd edək, kinoloqların əsas işi it cinslərini təlim etməkdir. Fərqli səbəblərdən dolayı bu sahəyə maraq göstərənlər arasında Yaqub Abbasov da var. Onu respublikadakı bütün həmkarlarından fərqləndirən əsas cəhət sırf ov itləri saxlaması, yalnız onların təlimi ilə məşğul olmasıdır.
Yaqub Abbasovda təxminən, 14-15 yaşlarından ovçuluğa yaranan maraq, sonradan özünü kinoloqluqla əvəzləyib. Hazırda həm ovçu, həm də kinoloq kimi fəaliyyət göstərən Yaqub bəyin həyətindəki sığınacaqda 50-yə yaxın ov iti var.
Yaqub Abbasov - kinoloq, ovçu: Hazırda Azərbaycanda bir neçə sığınacaqlar fəaliyyət göstərir. O sığınacaqlarda hər növ itlər var. İtlər saxlanılır, bala alınır, artırılır. Amma mən Azərbaycanda yeganə insanam ki, sığınacağımda sırf ov itləri saxlayıram.
Təlimin heç də asan proses olmadığın qeyd edən kinoloq sığınacağındakı itləri Rusiya, Ukrayna, Gürcüstan, Türkiyə, Almaniya, Serbiya kimi ölkələrdən alıb. Onun əldə etdiyi sənədli it cinsləri arasında ovda nailiyyət qazanıb çempion olanlar da var.
Yaqub Abbasov - kinoloq, ovçu: Məndə cinslər çoxdur. Ponter, qaçqar, drakxar və sair. Hər itə quçqar demək olmaz. Nəyə görə? Qanı təmiz olmalıdır, itin nəsli bilinməlidir.
38 yaşlı kinoloqun sözlərinə görə, bu gün Azərbaycanda hələ də keyfiyyətsiz dərmanlar, peyvəndlərdən istifadə olunur. Bu sahədə yol verilən digər yalnış məqam isə fərqli cinsə mənsub itlərdən bala almaqdır.
Yaqub Abbasov - kinoloq, ovçu: Başı çıxmayaraqdan bala alırlar, cinsi cinsə qatırlar. Quşa işləyən iti heyvana işləyən itə bala alırlar. Bunun balası quşa yoxsa heyvana işləsin. Bu isə ovu pozur. Ov nəsə vurub cəm şəkildə onu məhv etmək deyil, o idmandır, istirahətdir.
Ov sahəsində qarışıq cinsli itlərlə nailiyyət qazanmaq məsələsi bir o qədər də reallığa yaxın deyil. Amma sözsüz ki, zövqlər fərqlidir və hər kəs eyni iti sevə bilməz. Lakin hər bir halda, seçim zamanı ölkəmizin iqlim şəraiti də nəzərə alınmalıdır. Bu gün Yaqub Abbasovun əsas məqsədi cinsləri qarışdırmadan, axtarışda, iyi bilmə qabiliyyətində güclü olan ov itlərinin nəslini artırmaq, onları Azərbaycanda əlçatan etməkdir.
- Baxış: 1288