• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1462
— 16.09.2019 20:05

Balıq ovu həvəskarları Şəmkirdə bir araya gəlib

KepezTV Player

Azərbaycan Balıqçılar İttifaqı Şəmkirdə həvəskarlar üçün balıq ovu turniri keçirib. Maraqlı görüntülərlə yadda qalan yarış Azərbaycanın milli qəhrəmanı İsgəndər Aznaurovun xatirəsinə həsr olunub.

Səhərin ilk saatlarından mübarizələrin gedəcəyi məkana doğru yola düşən iştirakçılar əvvəlcə rayonun Kür qəsəbəsində bir neçə ərazini gözdən keçiriblər. Təşkilat komitəsi uyğun yer tapdıqdan sonra hazırlıqlara başlanıb. Öncə turnirə qatılan balıqçılar siyahıya alınıb, ardınca püşkatma reallaşıb. Hamı öz yerini tanıdıqdan sonra hər bir iştirakçıya forma və bayraq təqdim edilib. Və nəhayət fit səsilə turnirə start verilib. Mübarizələrdə 60-dan çox ov həvəskarı qalib olmaq üçün yarışıb. Qaydalara əsasən 1 iştirakçı iki tilovla ov etmək imkanına malik olub.

Artıq ənənə halını alan balıq ovu turniri 11 dəfə təşkil edilib. Bu dəfə iştirakçılar çəkikimilər fəsiləsindən olan balıqları tutmaq üçün yarışıblar.

2 ilə yaxındır ki düzənlənən balıq ovu turnirləri əsasən sənaye üsulu ilə balıq tutanların, daha dəqiq desək torla kütləvi şəkildə balıq ovlayan brokonyerlərin qarşısını almaq üçün keçirilir.

Bundan öncə yarışlar Bakı, Neftçala, Mingəçevir və Samuxda da təşkil edilib. Şəmkirdəki turnir 2 gün davam edib. Mübarizlərdə qərb bölgəsindən olan həvəskarla yanaşı paytaxt və digər regionlardan olan balıqçılar da iştirak edib.

Turnirə Rusiya və Türkiyədən də balıq həvəskarlarının qatılması mübarizəni daha da maraqlı edib.

Yarışın 2-ci günü səhər günəş doğarkən də balıq ovu maraqlı görüntülərlə yadda qalıb. Son yarış günü qalib və mükafatçılar  bəlli olub. 2 nominasiyada - ən böyük balığı ovlayan və ümumi olaraq ən çox balıq tutan iştirakçılar kubok və medal, həmçinin dəyərli balıq ovu ləvazimatları ilə təlif edilib. Növbəti yarış bu ayın sonunda Bakıda keçiriləcək.

 

Orxan Cəfərzadə