• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1244
— 13.09.2019 16:24

Qərb bölgəsinin arıçıları Sərgi-Satış Yarmarkasına hazırlaşırlar

KepezTV Player

Bal satanlar və alanlar üçündür növbəti sujetimiz. Keyfiyyətli arı məhsullarını əldə etmək istəyənlər arıçılıq məhsullarının 20-ci Respublika Sərgi-Satış Yarmarkasında iştirak edə bilərlər. Respublikanın bütün bölgələrinin təmsil olunacağı yarmarkaya qərb regionun arıçıları da ciddi hazırlaşırlar. Kənd Təsərrüfatı Nazirliyi və Azərbaycan Arıçılar Assosiasiyasının birgə təşkilatçılığı ilə sentyabrın 28-dən oktyabrın 18-dək davam edəcək yarmarkaya maraq böyükdür. Təsərrüfatçılar bu il məhsul bolluğundan məmnun qalsalar da yarmarkaya çıxarılacaq bal üçün qoyulan limitin qaldırılmasını istəyirlər.

Məhsulun bol olması bu ilki bal yarmarkasında iştirak etmək istəyən arıçıların sayında özunu göstərir. Onlayn olaraq həyata keçirilən qeydiyyat prosesinə 485 nəfər müraciət etsə də, onlar arasından yarmarkada iştirak tələblərinə uyğun olan 300 arıçı təsdiqlənib. Qaydalara əsasən, yarmarkada iştirak edə bilmək üçün təsərrüfat sahibinin minimum 20 arı ailəsi olmalıdır. Seçim zamanı həmçinin arıçıların subsidiya üçün müraciət edib-etməməsi, daha əvvəlki yarmarkalarda iştirakı zamanı qaydalara riayət etməsi, neqativ hallara yol verib-verməməsi, həmçinin məhsullarının keyfiyyət və təhlükəsizlik göstəricilərinə uyğunluğu da nəzərə alınır.

Satış yarmarkalarında arıçılıq məhsullarının ciddi yoxlamadan keçirilməsi bu sahənin peşəkarlarını da razı salır. Qqaydaların tətbiqi işbazları kənarlaşdırdığı kimi, alıcılarda da inam yaradır. Qərb regionun balına isə hər zaman daha böyük tələbat mövcuddur.

Yerli bazarı tam olaraq təmin edən arıçılıq məhsullarının xarici bazarlara da ayaq açması arıçıların perespektiv planlarına daxildir. Lakin bu istiqamətdə ləngimələr müşahidə olunur.

Bakıda 20 gün davam edəcək yarmarka arı məhsullarının tanıdılması baxımından da əhəmiyyətli hesab edilir. Yarmarkaya isə təsərrüfatçılar hər bir arı ailəsi üzrə 10 kq olmaqla maksimum 400 kq bal və hər arı ailəsi üzrə 1 ədəd olmaqla maksimum 30 ədəd arı şanı çıxarmaq haqqına sahibdirlər.