Şəmkirdə ağır yol-nəqliyyat hadisəsi baş verib. Qəza gecə saat 3:00 radələrində Bakı-Qazax magistralının 407-ci km-də - Şəmkir rayonu Sarıtəpə kəndi ərazisində qeydə alınıb. Türkiyədən Bakıya sərnişin daşıyan “Mercedes” markalı avtobus arxadan onunla eyni istiqamətdə hərəkətdə olan “Shacman” markalı yük maşınına çırpılıb. Nəticədə avtobusun sərnişini Elbrus Məmmədov hadisə yerindəcə dünyasını dəyişib. Avtobusun sürücüsü 36 yaşlı Şener Öztürk də daxil olmaqla 14 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. BDYP İdarəsi Yol Patrul Xidmətinin 9-cu tağımının bütün şəxsi heyəti hadisə yerinə cəlb olunub. Yaralılar polislərin köməyi ilə Şəmkir Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. Onlardan 1-nin vəziyyəti ağır qiymətləndirilir, bir yaralı Gəncədəki özəl xəstəxanalardan birinə aparılıb, digər 12 zərərçəkən ilkin tibbi yardımdan sonra ambulator müalicəyə buraxılıb. Qəzaya ilkin səbəb kimi yağışlı hava şəraitində avtobus sürücüsünün düzgün sürət həddi seçməməsi göstərilir. Faktla bağlı araşdırmalara başlanılıb.
- Baxış: 4141