Bentley rəsmiləri yeni Flying Spur sedanını ictimaiyyətə göstərmək qərarına gəliblər. Modelin ən son nəsil nümayəndəsi Porsche Panamera platformasında düzəlib. Amortizatorların sərtliyini tənzimləmək imkanı olan Bentley Dynamic Ride adaptiv asmasını da bu maşında tapmaq olar. O, modelin tarixində ilk dəfə tam idarə olunan şassiya sahib olub. Bentley Flying Spurun xarici görünüşü Continental GT stilindədir. 4 qapılı grand-turer Porsche Panameradan bir qədər iridir. Təkər bazası əvvəlkindən 13 santimetr uzundur, bu da arxa cərgəin daha geniş olmasına gətirib çıxarıb. Kapotun üstündəki Flying B emblemi nəinki hərəkət edir, hətta sahibi yaxınlaşanda işıqlı animasiya ilə onu salamlayır. Flying Spurun təchizat siyahısında matriks işıq diodlu faralar, panoram dam və 21 düymlük təkərlər yer alıb. Mərkəzi konsolda 12,3 düymlük displey gizlənib, aşağıda isə iki USB portu və smartfonları naqilsiz enerji ilə təmin edən cihaz yerləşdirilib. İçəridə ilk dəfə 3 ölçülü toxumalı dəridən yararlanıblar. Kapotun altında 6.0 litrlik W12 motorunu tapmaq olar. Onun iki ədəd ikiqat axın turboşarjı var. 635 at gücü ilə sedan “yüzü” 3,8 saniyəyə yığır. Ən yüksək sürət isə 333 km/saata bərabərdir. Tam ötürücülü sistemə malik Bentley Flying Spurun sürət qutusu 8 diapazonlu avtomatikdir.
- Baxış: 768